​İlham Əliyev: "Avropada radikal partiyalar hakimiyyətə gələ bilərlər"

​İlham Əliyev: "Avropada radikal partiyalar hakimiyyətə gələ bilərlər" "Onlar getdikcə daha çox siyasi dəstək alırlar"
Xarici siyasət
18 Fevral , 2016 02:45
​İlham Əliyev: Avropada radikal partiyalar hakimiyyətə gələ bilərlər

Bakı. 18 fevral. REPORT.AZ/ "Avropada radikal partiyaların gücü, onlara səs verən əhalinin sayı artır. Onlar getdikcə daha çox siyasi dəstək alırlar. Əgər bu, belə davam edərsə, bir neçə ildən sonra onlar öz ölkələrində hakimiyyətə gələ bilərlər".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksinin açılış mərasimində çıxışında deyib.

"Əgər dünyada bundan sonra da dini zəmində qarşıdurmalar davam edərsə, bu, böyük fəlakətə gətirib çıxaracaq. Biz artıq hər il yeni münaqişə ocaqlarını, yeni problemli yerləri görürük. Bu gün daha çox miqrantlar böhranından danışırlar. Mən dövlət başçısı kimi bu məsələ ilə bağlı ölkəmizin mövqeyini dəfələrlə ifadə etmişəm və hesab edirəm ki, belə də olmalıdır. Biz bu məsələyə biganə qala bilmərik. Bu gün xarici müdaxilədən əziyyət çəkən insanlar öz canlarını, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün vəziyyətinə düşüblər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşıb, böyük təhlükələrlə üzləşib Avropaya üz tuturlar. Yolda da onların çoxu ya dənizdə batır, ya başqa yerdə həlak olur. Biz görürük ki, bunlara qarşı münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Bu adamların heç bir günahı yoxdur. Əgər onların ölkələrinə xaricdən müdaxilə olunmasaydı, onlar öz ölkələrində yaşayardılar. Onlar - yaxınlarını itirmiş, qaçqın-köçkün vəziyyətinə düşmüş milyonlarla insan indi sadəcə olaraq öz canını xilas etmək istəyir. Onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir. Onların şəxsiyyəti alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır", - deyə prezident bildirib.

Dövlət başçısı bu barədə dəfələrlə fikir bildirdiyini xatırladıb:

"O cümlədən bu yaxınlarda Suriya böhranı ilə bağlı Londonda keçirilmiş konfransda çıxış edərkən demişəm ki, Azərbaycan 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdi. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən didərgin düşmüşdür. O vaxt bizim nə imkanımız, nə pulumuz var idi, iqtisadiyyat tamamilə dağılmış vəziyyətdə idi. Biz demək olar ki, təkbaşına o böhranın öhdəsindən gəlirdik. Düzdür, o vaxt - 2010-cu ilə qədər beynəlxalq donor təşkilatları bizə yardımlar edirdilər. Amma təbii ki, o yardımlar 1 milyon insanın tələbatını ödəyə bilməzdi. Yəni, biz bunu təkbaşına etmişik, bu sınaqdan çıxmışıq. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçüb. Ona görə, bəzi hallarda Yaxın Şərqdən köç edən miqrantlara olan belə münasibət başadüşülən deyil.

Bunun digər tərəfi də var. Bu barədə də mən demişəm, bir daha demək istəyirəm. Belə vəziyyət və xüsusilə Qərb mediasında miqrantlarla bağlı gedən birtərəfli antitəbliğat ona gətirib çıxarır ki, Avropada radikal partiyaların gücü, onlara səs verən əhalinin sayı artır. Onlar getdikcə daha çox siyasi dəstək alırlar. Əgər bu, belə davam edərsə, bir neçə ildən sonra onlar öz ölkələrində hakimiyyətə gələ bilərlər. Belə olan halda necə olacaq? Belə olan halda dinlərarası münasibətlər necə tənzimlənəcək? Bu gün Avropanın, demək olar, bütün ölkələrinin rəsmi mövqeyi təbii ki, müsbətdir. Avropa hökumətləri, onların bəziləri çalışır ki, miqrantlara layiqli münasibət göstərilsin. Biz bunu da görürük və təqdirlə qarşılayırıq. Ancaq bir daha demək istəyirəm, əgər dini zəmində bu qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə biz çox böyük problemlərlə üzləşəcəyik".

Son xəbərlər

Orphus sistemi