Hindistanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Hindistanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib Səfir Sanjay Rana Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini deyib
Xarici siyasət
9 Oktyabr , 2015 16:44
Hindistanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Sanjay Rananı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə səfir Sanjay Rana etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov 2013-cü ildə Hindistana rəsmi səfərini xatırlayaraq, iki ölkə arasında enerji, ticarət, turizm, informasiya və kommunikasiya texnologiyaları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. Nazir, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini, münaqişənin həlli üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.

Səfir Sanjay Rana Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini deyib. O, enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, Hindistan şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiklərini və işgüzar dairələrin qarşılıqlı səfərləri və biznes forumlar vasitəsilə iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov səfir Sanjay Ranaya diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi