Hikmət Hacıyev: "Ermənistan xarici işlər naziri hər hansı xəcalət keçirmədən yalan dolu fikirlərlə çıxış edib"

Hikmət Hacıyev: "Ermənistan xarici işlər naziri hər hansı xəcalət keçirmədən yalan dolu fikirlərlə çıxış edib" Azərbaycan XİN Edvard Nalbandyanın BMT İnsan Hüquqları Şurasındakı çıxışını şərh edib
Xarici siyasət
1 Mart , 2016 15:49
Hikmət Hacıyev: Ermənistan xarici işlər naziri hər hansı xəcalət keçirmədən yalan dolu fikirlərlə çıxış edib
Hikmət Hacıyev

Bakı. 1 mart. REPORT.AZ/ "Xocalı soyqırımı və 1 mart 2008-ci ildə Yerevanda törədilmiş siyasi terrorun növbəti ildönümü günlərində BMT İnsan Hüquqları Şurasında çıxış edən Ermənistan xarici işlər naziri hər hansı xəcalət və ya utanc hissi keçirmədən soyqırım əməllərinin qarşısının alınması, insan hüquqlarının müdafiəsi və xalqların öz müqəddəratını təyin etməsi prinsipi barəsində yalan dolu və təhrif olunmuş fikirlərlə çıxış edib". "Report"un məlumatına görə, bunu Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın BMT İnsan Hüquqları Şurasındakı çıxışını şərh edərkən deyib. 

"Ermənistan xarici işlər nazirinin yaddaşını təzələmək istərdik ki, 1975-ci il Helsinki Yekun Aktında öz təsbitini tapmış prinsiplərin üzvü şəkildə bir-biri ilə bağlı olduğu və onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyi qeyd olunaraq, ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd olunur. 

Sənəddə dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var", - deyə o qeyd edib.

H.Hacıyev həmçinin vurğulayıb ki, xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz: "Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddaratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər.

Ermənistan güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə törədilmiş etnik təmizləmənin nəticələrini pərdələmək üçün “öz müqəddəratını təyin etmə” prinsipindən sui-istifadə edir".

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri əslində zaman və məkan baxımdan BMT İnsan Hüquqları Şurasında Xocalı və ölkəmizin digər işğal olunmuş ərazilərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, insanlıq əleyhinə cinayət və hərbi cinayət əməllərinin etiraf edilməsi, Ermənistanda insan hüquqlarının acınacaqlı vəziyyətinə və 1 mart 2008-ci il Yerevan hadisələrinə qiymət verilməsi və həll yollarının təklif edilməsi üçün əlverişli imkanlarına malik olsa da, bundan istifadə etməyib.

Son xəbərlər

Orphus sistemi