Parlamentin komitə sədri: ​"Azərbaycanın köməyi nəticəsində Gürcüstanın müstəqilliyi daha da möhkəmlənib"

Parlamentin komitə sədri: ​"Azərbaycanın köməyi nəticəsində Gürcüstanın müstəqilliyi daha da möhkəmlənib" "Bizim çox mükəmməl qanunvericilik bazamız var"
Xarici siyasət
16 Mart , 2016 15:43
Parlamentin komitə sədri: ​Azərbaycanın köməyi nəticəsində Gürcüstanın müstəqilliyi daha da möhkəmlənib

Tbilisi. 16 mart. REPORT.AZ/ “Azərbaycanın yaxından köməyi nəticəsində Gürcüstanın təbii qaza olan ehtiyacı demək olar ki, tam ödənilib. Bu, həm də bizim müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Biz bunu yüksək qiymətləndiririk”.

Bu fikirləri "Report"a müsahibəsində Gürcüstan parlamentinin Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, parlamentin iqtisadiyyat komissiyasının sədri Zurab Tkemaladze söyləyib.

“Cənubi Qafqazda Azərbaycanın və Gürcüstanın birgə əməkdaşlığı nəticəsində həyata keçirilən irimiqyaslı layihələr bizim beynəlxalq nüfuzumuzun artmasında, eləcə də regionda mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayır. Biz Azərbaycanın Gürcüstana göstərdiyi qayğını, yardımı heç vaxt unuda bilmərik”, - deyə komissiya sədri bildirib. 

Z.Tkemaladze vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Gürcüstanın ən yaxın dostu və strateji tərəfdaşıdır: "Əlaqələrimiz təkcə qanunvericilik orqanları arasında deyil, bütün sahələrdə inkişaf edir, daha da möhkəmlənir. İki dost və qardaş ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza var. Bizim çox mükəmməl qanunvericilik bazamız var. Bu da bizə münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməyə imkan verir”.

Qrup rəhbərinin sözlərinə görə, dostluq qrupları parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynayır: "Azərbaycan Milli Məclisinə keçirilmiş son seçkilərdən sonra dostluq qrupu yenidən formalaşıb. Yaxın vaxtlarda qarşılıqlı səfərlərimiz yenidən başlayacaq. Deputatlarımız beynəlxalq təşkilatlarda da bəzi məsələlərdə vahid mövqedən çıxış edirlər. Bu da bizim yaxın dostluğumuzun göstəricisidir”.

Son xəbərlər

Orphus sistemi