Bakı. 14 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban Əliyeva noyabrın 13-də Parisdə törədilən terror aktı nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Fransanın Prezidenti Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu göndərib. "Report"un xəbərinə görə, başsağlığı məktubda deyilir:
"Parisdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını, xüsusən də günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".