Bakı. 30 noyabr. REPORT.AZ/ “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi çərçivəsində dəyirmi masa keçirib. “Report”un xəbərinə görə, dəyirmi masada jurnalistlər, bloq rəhbərləri və dövrü mətbuatla fəal əməkdaşlıq edən gənclər iştirak ediblər. Layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini, Qarabağ problemini dünyaya daha yaxından tanıtmaq məqsədilə mətbu sözün təsir gücündən səmərəli istifadəyə nail olmaq, eləcə də Azərbaycan haqqında beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir. Dəyirmi masada jurnalistlərin bu sahədə üzərinə düşən vəzifələr müzakirə edilib, beynəlxalq mediada Azərbaycanın təbliğində lobbiçilik siyasətinin qurulması və ondan səmərəli istifadə edilməsi xüsusi vurğulanıb.
Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, layihəyə Gəncədən start verilməsinə səbəb şəhərin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsidir: “Bura artıq turistlər çox gəlir, beynəlxalq gənclər təşkilatları mütəmadi səfərlər edirlər. Biz də düşündük ki, 2016-cı il öncəsi media nümayəndələrinə dəstək olaraq, belə bir layihə həyata keçirək. Bu tədbirdə eyni zamanda, Gəncənin gənclər paytaxtı kimi tanıdılması üçün beynəlxalq aləmdə bir kampaniya aparılmasına dəstək olaraq nəzərdə tutulub”.
Müzakirələrdə ölkənin aparıcı KİV-lərinin – “Səs” və “Report” informasiya agentliklərinin, Azvision.az, Lent.az, Modern.az, Aznews.az xəbəbr saytlarının, “Kaspi”, “Yeni Azərbaycan” və “Yeni Musavat” qəzetlərinin nümayəndələri, gənclər çıxış edərək təkliflər səsləndiriblər.
Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirlər İsmayıllı və Bakının müxtəlif rayonlarında keçiriləcək.