Fransa səfiri Azərbaycana təşəkkür edib

Fransa səfiri Azərbaycana təşəkkür edib "İslam "Charlie Hebdo" qəzetinin xüsusi hədəfi olmayıb və bu gün də deyil"
Xarici siyasət
27 Yanvar , 2015 12:27
Fransa səfiri Azərbaycana təşəkkür edib

Bakı. 27 yanvar. REPORT.AZ/ “Parisdə törədilmiş qətllərin ertəsi günündən etibarən mənə ünvanladığınız həmrəylik və şəfqət məktubları üçün Fransa Dövləti və Fransa Səfirliyinin komandası adından sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm”. “Report”un xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönyenin bəyanatında bildirilib.

Səfir bildirib ki, bu qətllər yalnız Fransa üçün deyil, həm də bütün dünyada dini və siyasi baxışından asılı olmayaraq azadlıq dəyərlərinə və insana hörmətlə yanaşan hər bir qadın, hər bir kişi üçün dərin hüzn idi: “Birinci qətlin elan olunmasından dərhal sonra Prezident İlham Əliyev Prezident Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu ünvanlayıb, Mehriban xanım Əliyeva qurbanların xatirəsini yad etmək üçün səfirliyə gül dəstəsi göndərib, maliyyə naziri Samir Şərifov Azərbaycan höküməti adından xitam kitabına dəstək sözlərini yazıb və baş nazirin müavini cənab Əli Əhmədov Azərbaycanın terrorizmlə mübarizədə öhdəliyini təsdiq etmək məqsədilə 11 yanvar tarixində Parisdə Respublika Yürüşündə bir çox ölkələrdən gəlmiş siyasi liderlər ilə birlikdə iştirak edib.

Səfir qeyd edib ki, “Charlie Hebdo” redaksiyasında çalışan jurnalistlər ifadə və söz azadlığını müdafiə etdikləri üçün güllələr vasitəsilə qətlə yetiriliblər. Kaşer mağazasının günahsız müştəriləri yəhudi olduqlarına görə öldürülüblər: “Bu barbarlığa haqq qazandırmaq mümkün deyil. İfadə və söz azadlığı Fransa Respublikasının fundamental dəyərləri olaraq, Dövlətin dindən ayrı olmasını təmin edən dünyəvilik konsepti ilə uyğunluq təşkil edir. Bilirəm ki, “Charlie Hebdo” tərəfindən çap edilmiş peyğəmbərin çoxsaylı karikaturaları, habelə qətldən sonra sağ qalmış jurnalistlər tərəfindən hazırlanmış jurnalın ön səhifəsi dünyada və Fransada bir çox müsəlmanlara toxunub. Mən bunu anlayıram, lakin Fransanın Xarici İşlər Naziri Loran Fabius bildirdiyi kimi, burada keçilməsi mümkün olmayan hədd zorakılıqdır və zorakılığın praktikası nə bu gün nə də gələcəkdə qəbul edilməyəcək. Məhkəmənin müstəqil olduğu Fransa kimi demokratiyada qanun hər bir vətəndaşı qorumaq üçündür. Hər bir vətəndaş məhkəməyə şikayət edə bilər. Hüquqa riayət edilməsini təmin edən məhkəmədir. Əlavə edim ki, satirik qəzet olan “Charlie Hebdo”, yarandığı gündən etibarən dünyada baş verən hadisələri karikaturalar və məqalələr vasitəsilə sorğulayır, bütün mövzulara, bütün dinlərə toxunur. İslam qəzetin xüsusi hədəfi olmayıb və bu gün də deyil. Fransanın baş naziri Baş Assambleyanın qarşısında bildirib: müsəlmanlara qarşı yönələn hərəkətlər, antisemitizm hərəkətləri kimi qətiyyətlə cəzalandırılacaq. İlin əvvəlində baş vermiş ifadə edilməsi mümkün olmayan bu zorakılıqdan sonra arzu edirəm ki, düşüncə kortəbii zorakılığa üstün gəlsin, fərqliliyə hörmət fanatizmə üstün gəlsin və digərinə hörmət nifrətdən daha güclü olsun”.

Son xəbərlər

Orphus sistemi