Elmar Məmmədyarov Panama Kanalı Administrasiyasının vitse-prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Panama Kanalı Administrasiyasının vitse-prezidenti ilə görüşüb Panama kanalının gələcək inkişafı, kanal vasitəsilə neft məhsullarının daşınması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib
Xarici siyasət
7 Oktyabr , 2015 12:07
Elmar Məmmədyarov Panama Kanalı Administrasiyasının vitse-prezidenti ilə görüşüb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfər çərçivəsində Panama Kanalı Administrasiyasının idarəetmə və maliyyə məsələləri üzrə vitse-prezidenti Fransisko Migez ilə görüşüb və Panama kanalı infrastrukturu ilə tanış olub. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Görüşdə F.Migez kanalın fəaliyyəti, əməliyyat imkanları haqqında məlumat verib. Panama kanalının gələcək inkişafı, ötürücülük qabiliyyətinin artırılması və kanaldan keçid edən gəmilər və onların şəxsi heyəti üçün maddi-texniki təminat və xidmət imkanlarının yaradılması planları haqqında danışaraq, Azərbaycan şirkətləri və sərmayəçilərinin də bu layihələrdə iştirak edə biləcəklərini qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyasında nəqliyyat sektorunun prioritet sahələrdən biri olduğunu deyərək, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni inşa edilmiş Bakı Beynəlxalq Dəniz Ticarət limanı, quru nəqliyyat yollarının çəkilişi, yük gəmiləri donanması və hava daşımaları imkanlarının artırılması, inteqrasiya edilmiş nəqliyyat modulu və nəticə etibarilə, ölkənin regionun nəqliyyat qovşağına çevrilməsi haqqında məlumat verərək, bu sahədə iki dövlət arasında əməkdaşlığın və təcrübə mübadiləsinin faydalı ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə Panama kanalının gələcək inkişafı, kanal vasitəsilə neft məhsullarının daşınması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi