Elmar Məmmədyarov ABŞ Dövlət katibinin müavininin köməkçisi ilə görüşüb

Elmar Məmmədyarov ABŞ Dövlət katibinin müavininin köməkçisi ilə görüşüb Görüş zamanı vətəndaş cəmiyyətinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
4 Dekabr , 2014 22:37
Elmar Məmmədyarov ABŞ Dövlət katibinin müavininin köməkçisi ilə görüşüb

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia ilə görüşüb.

Azərbaycan XİN mətbuat xidmətindən "Report"-a verilən məlumata görə, görüş zamanı vətəndaş cəmiyyətinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanda vətəndaş cəmiyyətinin dinamik surətdə inkişaf etdiyini, dövlət tərəfindən bu sahənin inkişafına hərtərəfli dəstək göstərildiyini və ardıcıl demokratik islahatların həyata keçirildiyini qeyd edib.

İnsan hüquqlarından danışarkən Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən əsas hüquqlarından məhrum olan və etnik təmizləməyə məruz qalan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpa edilməsinə lazımı diqqət yetirilməsinin vacibliyini diqqətə çəkib. O əlavə edib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan hüquqlarının qorunmasına dair fundamental beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub.

Beynəlxalq ictimaiyyətin bu məsələdə fəal mövqe nümayiş etdirməli olduğunu deyən Elmar Məmmədyarov ABŞ-ın azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları məsələsinin müxtəlif formatlarda gündəmdə saxlanmasının münaqişənin həllinə töhfə verə biləcəyini deyib.

Son xəbərlər

Orphus sistemi