Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Afrika İttifaqının iqtisadi məsələlər üzrə komissarı Antoni Motae Marupinq ilə görüşüb.
Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri barədə məlumat verən E.Abdullayev ölkəmizin regionun liderinə çevrildiyini onun diqqətinə çatdırıb. Səfir ölkəmizin bir çox sahələrdə böyük uğurlara imza atdığını vurğulayıb.
Öz növbəsində, komissar Azərbaycanın qazandığı uğurları dəyərləndirdiyini bildirərək, Afrika İttifaqının ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğulayıb. A.M.Marupinq Afrika İttifaqının fəaliyyət planı hesab edilən "Agenda 2063" haqqında ətraflı məlumat verib və həmin fəaliyyət planının həyata keçirilməsi zamanı Azərbaycanın zəngin təcrübəsinin nəzərə alınmasının vacibliyini qeyd edib.