Əli Həsənov ABŞ-da Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə münasibət bildirib

Əli Həsənov ABŞ-da Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə münasibət bildirib “Kimsə deyə bilməz ki, siyasi baxışlarına görə qrant ala bilməyib”
Xarici siyasət
22 Yanvar , 2015 13:16
Əli Həsənov ABŞ-da Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə münasibət bildirib

Bakı. 22 yanvar. REPORT.AZ/ “Müstəqillik illərində güclü vətəndaş cəmiyyəti, QHT-lərdən ibarət 3-cü sektor formalaşıb. Artıq, bu, reallıqdır, bunu kimsə inkar edə bilməz. Bu gün ölkədə qeydiyyatdan keçmiş 3 minə qədər QHT fəaliyyət göstərir”.

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyəti haqqında hesabat konfransında çıxışı zamanı Prezident Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov xatırladıb ki, Azərbaycanda 3-cü sektorun təməlini Ümummilli lider Heydər Əliyev qoyub: “20 ildir ki, ictimai sektor fəaliyyət göstərir. O vaxtdan bu günə qədər bu sektor fəaliyyət göstərir. QHT-lərə Dövlət Dəstəyi Şurası 7 ildir ki, yaradılıb. Bu qurum Prezident İlham Əliyevin sərəncamı ilə formalaşdırıldı. Növbəti ildə qurumun 8 illiyi qeyd ediləcək və sədrin səlahiyyət müddəti bitəcək. Bu da o deməkdir ki, indiyə qədər bu qurum bir şey edibsə, deməli, fəaliyyətini davam etdirməlidir”.

Şuranın fəaliyyətinin səmərəli olduğunu qeyd edən Ə.Həsənov deyib ki, qurumun hesabatından da görünür ki, Şura cəmiyyətdə özünü təsdiqləyib: “2008-2014-cü illər ərzində Şura tərəfindən layihələrə 20 milyon manatdan artıq vəsait xərclənib.

Bilirsiniz ki, artıq bu fəaliyyətin vahid koordinasiyası QHT Şurasına həvalə edilib. Bundan sonra bütün qrantların metodoloji əsaslarının hazırlanmasını Şura həyata keçirəcək. İndiyə qədər kimsə deyə bilməz ki, siyasi baxışlarına görə qrant ala bilməyib. Bizə QHT-lərlə bağlı nələrsə öyrətmək istəyən bəzi dairələr ölkə daxilində bəzi adamları lazım olanda Azərbaycanın dövlət maraqlarına qarşı çıxarırlar. QHT tərəfsiz olmalıdır”.

PA-nın şöbə müdiri ABŞ-ın Demokratiya Yardım Fondunun Azərbaycanla bağlı keçirdiyi dinləmələrə də toxunub: “QHT nümayəndələri milli maraqlardan çıxarılan insanlar deyillər. ABŞ-da keçirilən dinləmələrdə Azərbaycandan olan bəzi QHT nümayəndələri ermənilərlə birgə tədbirə qatılırlar və ölkədəki vəziyyəti müzakirə edirlər. Onlar subyektiv fikirlərini bildirirlər. Biz deyirik ki, Azərbaycana ağıl öyrətməsinlər, öz mülahizələrini bizə təlqin etməsinlər. Azərbaycana qarşı vahid mərkəzdən siyasət formalaşdırırlar. Biz dövlətin milli maraqlarına qarşı çıxanlara etirazımızı bildiririk. Hakimiyyətin bu dairələrə qarşı mövqeyi ictimai qınaqla, sözlə həyata keçirilir. Bunlar ictimai qınaqla fiziki zor tətbiq etməyi fərqləndirə bilmirlərsə, siyasətlə məşğul olmasalar yaxşıdır”.

Ə.Həsənov Azərbaycanda QHT-lərlə bağlı qanunların sərtləşdirilməsi ittihamlarına da cavab verib: “2015-ci ildə QHT-lərin qarşısında prioritetlər var. Bəzi dairlər bizi tənqid edirlər ki, bu sahədə vəziyyət çətinləşdirilib. Elə deyil, QHT-lərin fəaliyyəti şəffaflıq üzrə çətinləşdirilməyib. Hər bir fəaliyyət cəmiyyətə bildirilməlidir. Cəmiyyətin bundan xəbəri yoxdursa, deməli, orada şəffaflıq yoxdur. Qanun varsa, icra olunmalıdır. Qanunun çətinliyi varsa, o da müzakirə olunmalıdır. Azərbaycan hakimiyyəti ölkədə şəffaflığı qorumağa çalışır”.

Son xəbərlər

Orphus sistemi