Ekspert: "Gürcüstanda seçkilərin nəticələri Azərbaycanla münasibətlərə təsir etməyəcək"

Ekspert: "Gürcüstanda seçkilərin nəticələri Azərbaycanla münasibətlərə təsir etməyəcək" "Gürcüstanda kimin qalib gəlməsinə baxmayaraq, yeni hökumət Azərbaycanın etibarlı tərəfdaşı və dostu kimi qalacaq"
Xarici siyasət
8 Oktyabr , 2016 10:09
Ekspert: Gürcüstanda seçkilərin nəticələri Azərbaycanla münasibətlərə təsir etməyəcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Gürcüstanda seçkilərin nəticələri Azərbaycanla münasibətlərə təsir etməyəcək".

Bunu "Report"a Gürcüstanın Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun baş elmi əməkdaşı Georgi Badridze bu gün Gürcüstanda keçirilən parlament seçkilərini və onların Azərbaycan-Gürcüstan münasibətlərinə mümkün təsirini şərh edərkən bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı münasibətlər həyati maraqlara əsaslanıb, onlar tamamilə üst-üstə düşür və bir-biri ilə əlaqəlidir: "Gürcüstanda kimin qalib gəlməsinə baxmayaraq, yeni hökumət Azərbaycanın etibarlı tərəfdaşı və dostu kimi qalacaq".

G.Badridze hər hansı bir partiyanın qələbə qazanmasını proqnozlaşdırmağın çətin olduğunu deyib: "İctimai rəy sorğuları hakim partiya və əsas müxalifət partiyası arasında fərqin az olduğunu göstərir. Heç bir partiyanın parlamentdə zəmanətli səs çoxluğu yoxdur. Ola bilsin ki, biz hər hansı bir koalisiya görəcəyik". 

Ekspert həmçinin Gürcüstan-Rusiya münasibətlərinin perspektivlərinə də münasibət bildirib: "Rusiya öz xalqınınm rifahını qurmaq əvəzinə, Sovet İttifaqı üçün nostalji hisslər keçirir. Belə olduğu halda Gürcüstan-Rusiya münasibətlərində problem qalacaq. Bununla yanaşı, Rusiya Gürcüstanın 20 faiz ərazisini işğal altında saxlayır. Mən həmişə demişəm ki, Rusiya separatçıları dəstəkləmək, Gürcüstan, Ukrayna və hətta Azərbaycanın müstəqilliyinə xələl gətirmək əvəzinə, öz gücünü normal münasibətlərə yönəltsəydi, heç kim başqa tərəfə keçmək istəməzdi". 

Son xəbərlər

Orphus sistemi