​“Diplomat magazine” jurnalında Azərbaycan səfirinin məqaləsi dərc olunub

​“Diplomat magazine” jurnalında Azərbaycan səfirinin məqaləsi dərc olunub Məqalədə Azərbaycanın Şərq-Qərb dəhlizində tutduğu geostrateji mövqedən bəhs edilir
Xarici siyasət
8 İyun , 2016 21:28
​“Diplomat magazine” jurnalında Azərbaycan səfirinin məqaləsi dərc olunub

Bakı. 8 iyun. REPORT.AZ/ Benilüks ölkələri və Avropa İttifaqı institutları üçün yayımlanan “Diplomat magazine” jurnalında Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun “Uzun müddətli təhlükəsizlik çağırışları Avropa ilə əməkdaşlıq əhval-ruhiyyəsinə xələl gətirə bilməz” başlıqlı məqaləsi dərc olunub.

“Report”un məlumatına görə, məqalədə Azərbaycanın Şərq-Qərb dəhlizində tutduğu geostrateji mövqedən bəhs edilir.

Bildirilir ki, Azərbaycanın bölgədə tarixən oynadığı bu rol müxtəlif etnik və dini azlıqların ölkdə sülh və əmin-amanlıq şəraitində yaşamasına və multikulturalizm dəyərlərinin inkişafına imkan yaradıb.

Məqalədə bildirilir ki, yeni geosiyasi proseslər və Aİ qonşuluğunda müşahidə olunan mürəkkəblik Aİ və Azərbaycan arasında gələcək münasibətlərin formalaşmasına öz təsirini göstərir.

Səfir məqalədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalını regional təhlükəsizliyə təhdid kimi vurğulayıb. Bu xüsusda, cari ilin aprel ayında qoşunların təmas xəttində baş vermiş hərbi qarşıdurmaya toxunulur və onun məhz həmin dövrdə baş verməsinin səbəbləri açıqlanır.

Həmçinin bildirilir ki, regionda sülh və sabitliyin bərqərar olunması üçün münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamentinin qətnamələri icra olunmalıdır. İşğalçı qoşunlar Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmalı olduğunu, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına təhlükəsiz şəkildə qayıtma hüquqlarının təmin edilməsinin vacibliyini qeyd edən səfir, Ermənistanın bu istiqamətdə atacağı addımlar Cənubi Qafqazda regional əməkdaşlığın inkişafı və bu ölkənin mövcud və gələcək trans-regional layihələrdə iştirakı üçün əlverişli zəmin yaradacağını bildirir. Onun sözlərinə görə, Cənubi Qafqaz Aİ-yə yaxın bölgədir və bu şəraitin yaradılması Aİ-nin də marağında olmalıdır.

Səfir onu da qeyd edir ki, uzun müddətdir davam edən təhlükəsizlik təhdidləri Azərbaycanın Aİ ilə əməkdaşlıq əhval-ruhiyyəsinə xələl gətirə bilməz.

Son xəbərlər

Orphus sistemi