Deputat: "Avropa Parlamenti mürəkkəb olan geosiyasi vəziyyəti gərginləşdirməklə məşğuldur”

Deputat: "Avropa Parlamenti mürəkkəb olan geosiyasi vəziyyəti gərginləşdirməklə məşğuldur” Fuad Muradov: "Belə bir qətnamənin qəbul edilməsində məqsəd Azərbaycan və Türkiyənin yerləşdiyi regionu gərginlikdə saxlamaqdır"
Xarici siyasət
16 Aprel , 2015 14:59
Deputat: Avropa Parlamenti mürəkkəb olan geosiyasi vəziyyəti gərginləşdirməklə məşğuldur”

Bakı. 16 aprel. REPORT.AZ/ "Mən avropalı deputatların çıxışlarına baxdım. Hamısının çıxışında eyni mətn var idi. Bu da onu göstərir ki, “qətnamə” planlaşdırılmış, xüsusi olaraq Azərbaycan və Türkiyəyə qarşı aparılan işlərin nəticəsidir". "Report"un məlumatına görə, bunu Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri, deputat Fuad Muradov Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən bildirib.

Onun fikrincə, belə bir qətnamənin qəbul edilməsində məqsəd Azərbaycan və Türkiyənin yerləşdiyi regionu gərginlikdə saxlamaqdır: "Türkiyənin neçə ildir Avropa Birliyinə üzvlüyü məsələsi gündəmdədir. Bunun üçün lazım olan tələbləri də həyata keçirib. Ancaq buna baxmayaraq, Avropa Birliyi Türkiyəni üzvlüyə qəbul etmək istəmir. Halbuki Türkiyədən qat-qat zəif, tələb olunan islahatları həyata keçirməyən dövlətlərin əksəriyyətini Avropa Birliyinə qəbul etdilər. Təbii ki, Türkiyə bu məsələ üzərində düşünməlidir. İnanıram ki, Türkiyə düzgün nəticə çıxaracaq.

Təəssüf ki, Avropa Parlamenti son illər ara qızışdırmaq, sülhün bərqərar olmasına mane törətmək, heç bir əsası olmayan məsələləri gündəmə gətirməklə, onsuz da mürəkkəb olan geosiyasi vəziyyəti gərginləşdirməklə məşğuldur. Bir il bundan əvvəl istər Avronest Parlament Assambleyasında, istərsə də Avropanın digər qurumlarında ermənilərin belə bir fikri var idi ki, qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı tədbirlər keçirsinlər. Biz isə Avropa deputatlarına öz fikirlərimizi bildirdik. Dedik ki, Xocalı faciəsi, 1 milyon qaçqın və məcburi köçkünün olması, Ermənistanın ikiüzlü siyasətini bir kənara qoyaraq siz tarixi bəlli olmayan bir məsələni qabardırsınız".

Deputat vurğulayıb ki, həmin qətnamənin qəbulunda əsas məqsəd tarixi məsələni gündəmə gətirmək deyil. Onun fikrincə, Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi əldə etmək əsas məsələdir. Fuad Muradovun sözlərinə görə, qəbul edilən qətnamə simvolik xarakter daşıyır və bunun icrası ilə bağlı Azərbaycanla Türkiyə heç bir iş görməyəcək: "Həmin qətnamədə vurğulanır ki, Türkiyə Ermənistanla sərhədlərini açmalıdır. Görünür ki, bu, erməni lobbisinin işidir. Avropa Parlamenti ümumi olaraq hansısa fakta əsaslanmamış tarixi “hadisə”yə qiymət vermək istəyir. Azərbaycan torpaqlarının işğal edilməsi nəticəsində Türkiyə haqlı olaraq Azərbaycana və beynəlxalq hüquqa dəstək verməklə Ermənistanla sərhədlərini bağlayıb".

Deputat vurğulayıb ki, Azərbaycan heç vaxt torpaqlarının işğal olunması ilə barışmayacaq. F.Muradov onu da əlavə edib ki, Azərbaycan xalqının Avropa Parlamentinə, Avropa institutlarına inamı get-gedə azalır.

Son xəbərlər

Orphus sistemi