Fransa və ​Çexiyanın prezidentləri Azərbaycanın dövlət başçısını təbrik edib

Fransa və ​Çexiyanın prezidentləri Azərbaycanın dövlət başçısını təbrik edib “Bu müsbət tendensiyanın cari ilin sentyabr ayında mənim Bakıya rəsmi səfərimlə təsdiq olunacağına ümid edirəm”
Xarici siyasət
29 May , 2015 17:10
Fransa və ​Çexiyanın prezidentləri Azərbaycanın dövlət başçısını təbrik edib

Bakı. 29 may. REPORT.AZ/ Çexiya Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikası və Çexiya Respublikası arasında ikitərəfli münasibətlərin dinamik inkişafından şadam və bu müsbət tendensiyanın cari ilin sentyabr ayında mənim Bakıya rəsmi səfərimlə təsdiq olunacağına ümid edirəm.

Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyir və Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Bundan başqa, Fransa Respublikasının Prezidenti Fransua Olland Prezident İlham Əliyevi təbrik edib. Təbrik mətnində deyilir:

“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram. Aprelin 25-də Bakıya səfərim zamanı göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

Son illər ölkələrimiz arasında etimad və dostluğa əsaslanan əməkdaşlığın daha da möhkəmlənməsi məni çox sevindirir. Qarşılıqlı tərəfdaşlığımızın daha da inkişaf etməsini və şaxələnməsini arzu edirəm. Mənim ölkənizə son səfərim çərçivəsində əsas prinsiplərini razılaşdırdığımız Azərbaycan-Fransız Universiteti hər iki ölkənin gənclərinə verəcəyi bəhrəyə görə çox vacibdir.

Uzun müddətdir davam edən və Qafqaz regionunun inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində Minsk qrupunun həmsədri kimi Fransanın üzərinə götürdüyü öhdəliyə bundan sonra da sadiq qalacağına əmin ola bilərsiniz.

Şərq Tərəfdaşlığının Riqa Sammitində qeyd etdiyim kimi, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin hər bir tərəfdaşa qarşılıqlı hörmət əsasında davam etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıyam. Bu baxımdan strateji tərəfdaşlığı modernləşdirmək məqsədi daşıyan danışıqlara tez bir zamanda nail olunmasını arzu edirəm”.

Son xəbərlər

Orphus sistemi