Çanaqqala zəfəri ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb

Çanaqqala zəfəri ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb Türkiyə səfiri: "Azərbaycan və Türkiyənin ortaq tarixində gün üzünə çıxacaq gözəl faktlar var"
Xarici siyasət
24 Aprel , 2015 16:06
Çanaqqala zəfəri ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb

Bakı. 24 aprel. REPORT.AZ/ Çanaqqala zəfərinin yüz illiyi münasibətilə Türkiyənin Bakıdakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə elan etdiyi ədəbi müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Türkiyənin mədəniyyət və tanıtma müşaviri Seyid Ahmed Arslan, həmçinin, həmin müsabiqənin qalibləri iştirak edib.

Tədbir səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin Çanaqqala savaşına həsr etdiyi klipin nümayişi ilə başlayıb. 

Səfir İsmayıl Alper Coşqun Azərbaycan və Türkiyənin ortaq tarixində aşkara çıxarılacaq dəyərli faktların olduğunu deyib: "Biz o dövrdə yaşanan acıları inkar etmək, rədd etmək yaxud başqaları ilə müqayisə etmək fikrində deyilik. O dövrdə türklər, kürdlər, bütün müsəlmanlar və ermənilər əziyyət çəkib. 100 il əvvəlin həqiqətlərini obyektiv göstərməyə hər zaman hazırıq. Kimin acısı daha böyükdür, kimin acısı daha azdır kimi araşdırmalar vicdana, əxlaqa sığmayan hərəkətlərdir".

Yazıçılar Birliyinin sədri Anar bildirib ki, bu cür müsabiqələrin keçirilməsi sevindirici haldır: "Çanaqqalada azərbaycanlılar da döyüşüb, ora həm də Azərbaycanın bir hissəsidir. Bu bizim birgə qazanılmış zəfərimizdir".

Müsabiqənin şeir nominasiyası üzrə qalibləri Sevinc Nuruqızı, Yusif Nəğməkar, Akif Əhmədgil, hekayə üzrə Sevinc Mürvətqızı, Firudin Qurbanov, Leyla Kərimova, məqalə üzrə Namiq Əhmədov, Firuzə Nadir, Elçin Əhmədov olub. 

Son xəbərlər

Orphus sistemi