Milli Məclisdə ABŞ-ın Azərbaycanla bağlı siyasəti tənqid edilib

Milli Məclisdə ABŞ-ın Azərbaycanla bağlı siyasəti tənqid edilib "Azərbaycan ABŞ-ı strateji tərəfdaş kimi tanısa da, onun 5 ştatı qondarma respublikanı tanıyır"
Xarici siyasət
14 Fevral , 2015 12:34
Milli Məclisdə ABŞ-ın Azərbaycanla bağlı siyasəti tənqid edilib

Bakı. 14 fevral. REPORT.AZ/ Milli Məclisdə "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələr davam etdirilir.

"Report"un xəbərinə görə, çıxış edən deputat Çingiz Qənizadə xatırladıb ki, yaxın bir ay ərzində ABŞ-da Azərbaycanla bağlı iki dinləmə keçirilib. O deyib ki, bu dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müəyyən iradlar irəli sürülür: "Belə tədbirlərin nə qədər obyektiv olduğunu görmək üçün tədbir iştirakçılarına nəzər yetirmək kifayət edir. Bu tədbirlərdə ermənipərəst qüvvələr, erməni lobbisininn nümayəndələri və Azərbaycanda radikal müxalifətə meyilli və bağlı qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən adamlar iştirak edir. Bir Azərbaycan vətəndaşı kimi qəbul etmədiyim məqam odur ki, bizim bu təmsilçilərimiz, hətta separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən qüvvələrlə bir masa arxasında necə otururlar. Əgər həmin qüvvələr Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmirsə, onlarla bir masa arxasında oturmağa dəyməz. Ancaq təəssüf ki, bizim bəzi vətəndaşlarımız öz mənafeləri naminə bu məqamı arxa plana keçirirlər. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin milli maraqları hər şeydən önə çəkilib".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə qeyd edib ki, Azərbaycan ABŞ-ı Minsk Qrupunun həmsədri kimi qəbul edəndə səhvə yol verib. Deputat xatırladıb ki, ABŞ qondarma “Dağlıq Qarabağ respublikası”na Azərbaycandan üç dəfə çox yardım edib: "Bu yaxınlarda Amerikada irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu, bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, ikili standartlar mövcuddur".

Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirov deyib ki, Azərbaycan ABŞ-a strateji tərəfdaş kimi baxır: "Lakin ABŞ yeganə dövlətdir ki, qondarma Dağlıq Qarabağa maliyyə dəstəyi göstərir. Ermənistan mətbuatı yazır ki, qondarma "Qarabağ respublikası"na 2 milyard maliyyə yardımı ayırıb. Bu qondarma rejimin ABŞ-da nümayəndəlikləri açılıb. Azərbaycan ABŞ-ı strateji tərəfdaş kimi tanısa da, onun 5 ştatı qondarma respublikanı tanıyır. Bu ABŞ-ın imicinə də zərərdir".

Politoloq qeyd edib ki, ABŞ-ın Azərbaycanla bağlı yürütdüyü siyasətdə dəyişiklik olmasa, baş verəcək hadisələrə görə bütün məsuliyyəti ABŞ daşıyır.

Son xəbərlər

Orphus sistemi