​Britaniyalı nazir: Birləşmiş Krallıq Azərbaycanla münasibətləri yüksək qiymətləndirir

​Britaniyalı nazir: Birləşmiş Krallıq Azərbaycanla münasibətləri yüksək qiymətləndirir Mətyu Hənkok Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən tədbirlə bağlı məktub ünvanlayıb
Xarici siyasət
14 Fevral , 2015 00:35
​Britaniyalı nazir: Birləşmiş Krallıq Azərbaycanla münasibətləri yüksək qiymətləndirir

Bakı. 14 fevral. REPORT.AZ/ “Birləşmiş Krallıq Azərbaycanla güclü münasibətləri yüksək qiymətləndirir. Bu, özünü energetika sahəsində çox aydın göstərir".

"Report" xəbər verir ki, bunu fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən tədbirlə bağlı ünvanladığı məktubda Böyük Britaniyanın biznes, müəssisə və energetika üzrə dövlət naziri Mətyu Hənkok bildirib.

Nazirin sözlərini Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq çatdırıb. Tədbirdə çıxış edən səfir Birləşmiş Krallığın Azərbaycanın strateji tərəfdaşı və Cənub qaz dəhlizini güclü şəkildə dəstəkləyən ölkə olduğunu bildirib.

O əlavə edib ki, "biz bu təşəbbüsün - Məşvərət Şurasının iştirakçısı olmaqdan və bu layihəyə və layihənin uğurla həyata keçməsi işinə davamlı dəstək verməyimizdən çox məmnunuq".

Səfir daha sonra nazir Mətyu Hənkokun tədbirlə bağlı ünvanladığı məktubu oxuyub:

“Birləşmiş Krallıq Azərbaycanla güclü münasibətləri yüksək qiymətləndirir. Bu, özünü energetika sahəsində çox aydın göstərir. Ötən 20 illik bir müddətdə uğurlu əməkdaşlıq həyata keçirməklə Birləşmiş Krallıq Azərbaycan ilə münasibətləri daha da möhkəmləndirmək və qarşılıqlı səmərəli layihələrlə bağlı əməkdaşlığı bundan sonra da davam etdirmək əzmindədir. Bu baxımdan biz Cənub qaz dəhlizini ciddi şəkildə dəstəkləyirik. “Cənub” qaz dəhlizi layihəsi mühüm strateji layihə olmaqla Avropa İttifaqının qaz təchizatında yeni mənbəni təmin edəcək və Azərbaycanın, Birləşmiş Krallığın və digər tərəfdaş ölkələrin iqtisadiyyatlarına böyük fayda verəcək. Bu baxımdan bu layihə ilə bağlı mən Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Azərbaycan hər zaman Cənub qaz dəhlizinə dəstək verilməsi işində aparıcı rol oynamışdır”.

Məktubda “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi istiqamətində Prezident İlham Əliyevin fəaliyyətinin yüksək qiymətləndirildiyi qeyd olunub və layihənin strateji əhəmiyyəti vurğulanıb: “Birləşmiş Krallıq Avropa enerji bazarlarının Azərbaycan qazı ilə təmin olunması işinə güclü dəstək verilməsi üçün əlindən gələni əsirgəməyəcək”.

Son xəbərlər

Orphus sistemi