Baş nazirin müavini Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Baş nazirin müavini Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib Komitə sədri nümayəndə heyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib
Xarici siyasət
25 Fevral , 2015 15:58
Baş nazirin müavini Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Bakı. 25 fevral. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Komitədən bildirilib.

Ə.Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.

Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.

Komitə sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb.

Ə.Həsənov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.

Komitə sədri qeyd edib ki, təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib.

Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür.

Doğmalarının məzarlarını ziyarət etmək məqsədilə Kəlbəcərə gedərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən və Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən qondarma ittihamlarla “məhkəmə”yə çəkilən Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışan Ə.Həsənov Ermənistanın girovlarımıza qarşı davranışlarının dünyanın gözü qarşısında baş verdiyindən, hər zaman işğalçı Ermənistanın maraqlarını müdafiə edən beynəlxalq qurumların Azərbaycan tərəfinin müraciətlərinə obyektiv cavab vermədiklərindən təəssüfləndiyini bildirib.

Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi deyib ki, səfərinin məqsədi Azərbaycanla Avropa İttifaqı arasında bütün sahələrdə, o cümlədən insan hüquqları sahəsində əlaqələri daha da möhkəmləndirməkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında fəal əməkdaşlığın mövcud olduğunu deyən Stavros Lambrinidis Azərbaycana səfərinin əhəmiyyətli olacağını vurğulayıb.

Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiyini bildirən Stavros Lambrinidis məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onun üçün mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb.

Qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Son xəbərlər

Orphus sistemi