Baş konsul: "Azərbaycanda bu gün müsəlmanlar, yəhudilər və xristianlar sülh və təhlükəsizlik şəraitində yaşayır"

Baş konsul: "Azərbaycanda bu gün müsəlmanlar, yəhudilər və xristianlar sülh və təhlükəsizlik şəraitində yaşayır" Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kolorado ştatının “Intermountain Jewish News” qəzetinə müsahibə verib
Xarici siyasət
11 Fevral , 2015 10:26
Baş konsul: Azərbaycanda bu gün müsəlmanlar, yəhudilər və xristianlar sülh və təhlükəsizlik şəraitində yaşayır

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-ın nüfuzlu yəhudi nəşrlərindən olan, Kolorado ştatında nəşr olunan “Intermountain Jewish News” qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ilə müsahibə əsasında geniş məqalə dərc edilib.

Azərbaycanın Los-Ancelesdəki konsulluqdan verilən məlumata görə , “Azərbaycan Denverə gəlir” başlıqlı məqalədə baş konsul N.Ağayev Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edərək, ölkəmizdə müxtəlif dini etiqadlar arasında mövcud olan qarşılıqlı etimad və mehriban münasibətlərdən söz açıb.

Rəhbərlik etdiyi diplomatik missiyaya ABŞ-ın qərb regionunda yerləşən 13 ştatının həvalə olunduğunu bildirən N.Ağayev, Baş Konsulluğun həyata keçirdiyi fəaliyyətlər arasında qeyd olunan ştatlarda, o cümlədən Koloradoda yaşayan dost yəhudi icması ilə münasibətlərin inkişaf etdirilməsinin önəmli yer tutduğunu qeyd edib.

Həmçinin baş konsul əsrlərdən bəri Azərbaycanda məskunlaşan yəhudi icmasından bəhs edərək, yəhudilərin tarixən Azərbaycanın siyasi, ictimai, mədəni həyatında oynadığı rolun önəmindən danışıb. Baş konsul Azərbaycanda bu gün müsəlmanların, yəhudilərin və xristianların sülh və təhlükəsizlik şəraitində yaşadığını bildirərək, bunun hazırda bütün dünya üçün gözəl bir nümunə və model təşkil etdiyini bildirib. O, Azərbaycanda heç bir zaman anti-semitizmin və ya hər hansı dini ayrı-seçkiliyin olmadığını vurğulayıb.

Məqalədə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və aparılmış etnik təmizləmə faktları da qeyd olunub. N.Ağayevin bu barədə fikirlərinə istinad edən müəllif, 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətindən bəhs edərək, Ermənistan tərəfindən törədilən zorakılıq nəticəsində on minlərlə azərbaycanlının öz həyatını, bir milyona yaxın azərbaycanlının isə öz doğma yurd-yuvalarını itirdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi