Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanın paytaxtı Bakıda Gənclər siyasəti üzrə Birinci Qlobal Forum açılır. "Report" UNESCO-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, forum bir sıra ölkədə gənclər siyasətinin müzakirə olunması məqsədini daşıyır.
Təşkilatçısı Azərbaycanın Gənclər və İdman Nazirliyi olan forum "Youthpolicy.org"un dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatı baş katibinin gənclər məsələləri üzrə elçisinin İdarəsi, UNESCO, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Avropa Şurası tərəfindən aparılır.
Forumun əsasında 2000-ci ilə qədər və sonrakı dövrdə (WPAY) gənclərə dair Ümumdünya Fəaliyyət Proqramı yer alır.
Forumda 700-ə yaxın şəxs, o cümlədən hökumət, elmi təşkilatlar, mülki cəmiyyət, gənclər təşkilatları, BMT, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
İştirakçılar müxtəlif tematik, struktur və regional aspektlərdə gənclər siyasəti məsələlərini müzakirə edəcəklər. Forumda həmçinin qabaqcıl təcrübələr də təhlil olunacaq.
Forum öz işini oktyabr ayının 30-da bitirəcək.