Bakıda ​Əfqanıstanın dövlət nümayəndələrinə seminar keçirilib

Bakıda ​Əfqanıstanın dövlət nümayəndələrinə seminar keçirilib Tədbir Azərbaycan və NATO-nun birgə təşkilatçılığı ilə baş tutub
Xarici siyasət
30 Mart , 2016 17:28
Bakıda ​Əfqanıstanın dövlət nümayəndələrinə seminar keçirilib

Bakı. 30 mart. REPORT.AZ/ Martın 28-30-da Bakıda, ADA Universitetində Azərbaycan hökuməti və NATO-nun birgə təşkilatçılığı ilə Əfqanıstanın dövlət nümayəndələri üçün “Silahlı Qüvvələr üzərində mülki nəzarət” mövzusunda tədris planının hazırlanması üzrə işçi seminar təşkil edilib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Seminar zamanı NATO üzv ölkələri və Azərbaycanın aidiyyəti dövlət qurumlarının ekspertləri tərəfindən Əfqanıstanın Müdafiə və Daxili İşlər nazirliklərinin yüksək səviyyəli rəsmilərinə Silahlı Qüvvələr üzərində mülki nəzarət, mövcud təhdidlər və onların qarşısının alınması, bu xüsusda tədris planının hazırlanması, mövzu üzrə ölkələrin, o cümlədən Azərbaycanın təcrübəsi barədə mühazirələr verilib.

2014-cü ildən etibarən Azərbaycan və NATO tərəfindən Alyansın Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində birgə təşkil edilən bu seminar Əfqanıstanda idarəetmə təhsili və qurumlararası mübadilə sahələrinin inkişafı, eləcə də Əfqanıstan Müdafiə Nazirliyinin mülki islahatlar proqramı kontekstində bu ölkənin yüksək və orta səviyyəli nümayəndələrinin sözügedən sahədə təcrübə qazanmasına imkan yaratmaqla Azərbaycanın Əfqanıstana qeyri-hərbi sahədə töhfəsinin bir nümunəsi hesab edilə bilər.

Məlum olduğu kimi, Azərbaycan hazırda Əfqanıstanda NATO-nun rəhbərliyi altında həyata keçirilən Qətiyyətli Dəstək təlim, məsləhət və yardım əməliyyatında iştirak etmək etməklə beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir. Həmçinin Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə Əfqanıstanda həyata keçirilən islahatlara dəstək verir.

Son xəbərlər

Orphus sistemi