IV Qlobal Bakı Forumunda gender problemləri və qadın hüquqları müzakirə olunub

IV Qlobal Bakı Forumunda gender problemləri və qadın hüquqları müzakirə olunub Panelin moderatoru Ukraynanın sabiq prezidenti Viktor Yuşenkonun xanımı Katerina Yuşenko olub
Xarici siyasət
11 Mart , 2016 14:53
IV Qlobal Bakı Forumunda gender problemləri və qadın hüquqları müzakirə olunub

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün IV Qlobal Bakı Forumu çərçivəsində “İnsan hüquqları və gender məsələləri ilə bağlı artan məlumatların qlobal təbliği” mövzusunda panel iclası keçirilib. “Report” xəbər verir ki, Ukraynanın sabiq prezidenti Viktor Yuşenkonun xanımı Katerina Yuşenkonun moderatoru olduğu paneldə Madaqaskarın sabiq baş naziri Jean Omer Beriziki, Liviyanın Avropa İttifaqındakı səfiri Farida Allaghi, Sudanın sabiq baş naziri Sadiq Al-Mahdi, Belarusun sabiq prezidenti Stanislav Şuşkevic və Kolumbiyanın sabiq prezidenti Andres Pastrana iştirak edib.

Müzakirələrdə gender problemlərinə və qadınların hüquqlarının pozulması məsələlərinə geniş yer verilib. Qeyd olunub ki, qadınların gender bərabərliyi və hüquqlarının genişləndirilməsi qlobal səviyyədə qaldığına görə BMT yanında Davamlı İnkişaf Məqsədləri Qurumu qadın və qızların həm gender xurafatı, həm də stereotiplərə qarşı yönəlik fəaliyyət və təşəbbüsləri dəstəkləyir.

K.Yuşenko bildirib ki, XX əsrin sonunda dünyada demokratiyanın bərqərar olunması sayəsində mühüm işlər görülüb: "Qadınların hüquqları sahəsində də irəliləyişlər əldə olunub. Lakin hələ də beynəlxalq cəmiyyətdə gender problemləri mövcuddur. Bu gün dünyada qadınların əmlak və torpaq hüquqlarından kənarda qalması halları ilə rastlaşırıq". 

S.Şuşkevic qeyd edib ki, Belarus qadınlara daha çox hörmət olunduğu, onların hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdəndir: “Belarusda Qadın Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb. Bu gün bizim ölkəmizdə qadınlar dövlət və özəl sektorda təmsil olunur. Belarus parlamentində qadınlar 19 faiz təmsil olunur. Son prezident seçkiləri Belarusda saxtakarlıqlarla yadda qaldı. 23 namizədən yalnız biri qadın idi”.

A.Pastrana vurğulayıb ki, fiziki və psixoloji cəhətdən kişilərin qadınlardan üstün olması danılmaz faktdır. Lakin bu, kişinin qadından insan kimi üstün olduğuna dəlalət etmir: “Kişilərin qadınlardan üstünlüyü daha çox yoxsul cəmiyyətlərdə müşahidə olunur. Kişinin qadından üstünlüyü zorakılıqdır, qəbulolunmazdır. Bu istiqamətdə də Kolumbiyada əsaslı islahatlar aparılır. Latın Amerikasında qadınlar hakimiyyətdə 20-25 faiz təmsil olunur. Düşünürəm ki, bu rəqəm çox kiçikdir”. 

J.O.Beriziki bildirib ki, bu gün kişilər Madaqaskarda dövlət və hökumət işlərində daha çox təmsil olunur: “Eyni zamanda, Madaqaskarın sosial həyatında kişilərin rolu daha çoxdur. Bu da ona görədir ki, bu gün Madaqaskarda qızların 70 faizi təhsildən kənarda qalıb. Konkret qətnamələr qəbul olunmalıdır. Madaqaskarda qadınların səsi eşidilmir. Hazırkı hökumət üzvlərindən yalnız biri qadındır. Parlamentdə 151 deputatdan 25-i qadındır. Senatda təmsil olunan 63 üzvdən yalnız 8-i qadındır. Bu gün Madaqaskarın heç bir təhsil müəssisəsinə qadın rəhbərlik etmir”.

Son xəbərlər

Orphus sistemi