Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliyada qeyd edilib

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliyada qeyd edilib Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tədbirdə iştirak edib
Xarici siyasət
17 Oktyabr , 2016 15:47
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliyada qeyd edilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin Pert şəhərində təntənəli şəkildə qeyd edilib. 

"Report" xəbər verir ki, ənənəyə əsasən, öncə Pert şəhərində yerləşən Dövlət hərbi memorialın qarşısına əklilər qoyulub. Müstəqillik uğrunda həlak olanların ruhu yad edilib. Veteranlardan ibarət olan hərbi qarovul tədbir iştirakçılarını salamlayıb. Azərbaycan və Avstraliyanın dövlət himnləri səsləndirilib.

Tədbiri açan Milli Məclislə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins öz çıxışında qonaqları salamlayaraq, qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etmiş və 1991-ci il dekabrın 26-da Avstraliya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.

Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov çıxışında müstəqillik dövründə ölkəmizin keçdiyi inkişaf yolundan danışıb. O, Azərbaycanın siyasi, iqtisadi uğurlarını qeyd edərək, iki ölkə arasında bütün sahələrdə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan danışıb. Bu uğurların qazanılmasında ölkə rəhbərliyinin uzaqgörən siyasətini xüsusi vurğulayıb.

Millət vəkili yığıncaq iştirakçılarına Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verərək, bütün beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstədiklərini bildirib. Son dövrdə dünyada baş qaldıran ksenofobiya, irqi ayrıseçkilik, rasizm, antisemitizm və digər təhtidlərdən danışan Səməd Seyidov deyib ki, xalqlar bu çağırışların öhdəsindən gəlmək üçün birləşərək birgə mübarizə aparmalıdırlar. O, xüsusilə vurğulayıb ki, multikulturalizm bu gün Azərbaycanda dövlət siyasətidir.

Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond Azərbaycan haqqında geniş məlumat verib. O, qeyd et-dib ki, bu ölkə öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında körpü rolu oynayır. Azərbaycanın tolerantlıq ənənələrindən söz açan Con Hammond bildirib ki, Odlar diyarında insanlar dinindən, millətindən asılı olmayaraq əsrlər boyu mehriban, dostluq, əmin-amanlıq şəraitində yaşamışlar.

Sonra Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar təntənəli ziyafət təşkil edilib. Azərbaycandakı tolerantlıq haqqında danışan millət vəkili Asim Mollazadə bu məsələnin bu günkü dünyada çox aktual olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan dünyanın başqa ölkələrinə bu məsələdə nümunə ola bilər.

Tədbirdə çıxış edən Qərbi Avstraliyada Azərbaycanın fəxri konsul Aydan Rzayeva ölkəmizin regionda və dünyada rolundan danışıb. Yığıncaqda Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev və digər rəsmi qonaqlar da iştirak ediiblər.

Ziyafətdə Qərbi Avstraliya parlamentinin deputati Elizabet Behjad çıxış edib, Azərbaycan haqqında öz ürək sözlərini söyləyib. Tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusunun nümayəndələri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, Türk, Yəhudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak edibilər. 

Son xəbərlər

Orphus sistemi