Azərbaycan XİN: Yegişe Qevorkyanın cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilən idi"

Azərbaycan XİN: Yegişe Qevorkyanın cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilən idi" "Ermənistan rejimi öz vətəndaşlarına münasibətdə də humanizm və insan hüquqlarından tamamilə kənar davranış nümayiş etdirir"
Xarici siyasət
11 Mart , 2015 19:06
Azərbaycan XİN: Yegişe Qevorkyanın cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilən idi

Bakı. 11 mart. REPORT.AZ/ "Ermənistanın hərbi diktatura rejimi öz vətəndaşlarına münasibətdə də humanizm və insan hüquqlarından tamamilə kənar davranış nümayiş etdirir".

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanda Yegişe Qevorkyana qarşı cinayət işinin açılması məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Yeqişe Qevorkyan ailəsi ilə birlikdə Ermənistanda üzləşdiyi acınacaqlı vəziyyət və ifrat yoxsulluqdan dən xilas olmaq üçün bir neçə il bundan əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçib: "Humanizm prinsiplərindən çıxış edərək Azərbaycan tərəfindən Yeqişe Qevorkyan və onun ailəsinin saxlanması üçün normal şərait yaradılıb. Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq ailəyə baş çəkilib. Ancaq kriminal keçmişi olduğuna görə üçüncü dövlətə miqrasiya etmək niyyətində olan Y.Qevorkyan digər dövlətlər tərəfindən qəbul edilməyib. O, Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə 2014-cü il dekabrın 12-də Ermənistana təhvil verilib. Ermənistan isə öz doğma torpağında ata-analarının qəbirlərini ziyarət edən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürdü, digər soydaşımız Həsən Həsənov isə vəhşicəsinə qətlə yetirib. Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurama məhkəmə təşkil edib. Beynəlxalq humanitar hüquqa əsasən mülki şəxslərə münasibətdə bu cür davranış qəbuledilməzdir".

H.Hacıyev deyib ki, Ermənistana təhvil verildikdən dərhal sonra Yegişe Qevorkyan və onun ailə üzvləri bu ölkənin xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində ictimai ifadələr verməyə vadar edilib: "Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinməyib. Hələ 15 dekabr 2014-cü il tarixində Azərbaycan XİN tərəfindən bu məsələyə münasibət bildirilən zaman əvvəllər Ermənistana təhvil verilmiş bu ölkənin digər vətəndaşları kimi Qevorkyan ailəsinin də işgəncələrə məruz qoyulacağı, uzun müddət zorla Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediləcəyi və həbs ediləcəyi qeyd olunmuşdu. Ona görə də Ermənistandakı hərbi diktatura rejiminin mahiyyətini nəzərə alaraq, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən Y.Qevorkyanın cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilən bir hal idi".  

Son xəbərlər

Orphus sistemi