Azərbaycan XİN başçısı: "Gürcüstanla münasibətlərimiz strateji tərəfdaşlıqdan daha böyük məna daşıyır"

Azərbaycan XİN başçısı: "Gürcüstanla münasibətlərimiz strateji tərəfdaşlıqdan daha böyük məna daşıyır" Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Bakıda görüş keçirib
Xarici siyasət
7 Mart , 2016 14:56
Azərbaycan XİN başçısı: Gürcüstanla münasibətlərimiz strateji tərəfdaşlıqdan daha böyük məna daşıyır

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Bakıda görüş keçirib. Təkbətək və geniş tərkibdə görüşlər zamanı tərəflər ölkələr arasında əməkdaşlığın fəallaşdırılması məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın XİN başçısı Mixeil Canelidze ilə keçirdiyi görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

"Aramızda qarşılıqlı görüşlərin keçirilməsi ənənəsi var. Gürcüstanla münasibətlərimiz strateji tərəfdaşlıqdan daha böyük məna daşıyır", - deyə nazir bildirib.

O, ötən ay Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirinin danışıqlar apardığını xatırladaraq, bu görüşün onun məntiqi davamı olduğunu vurğulayıb.

"Biz ikitərəfli məsələləri, o cümlədən Cənubi Qafqaz qaz layihəsini, enerji layihələrini müzakirə etdik. Ölkələrimiz arasında enerji sahəsindəki əməkdaşlıq kifayət qədər dərin köklərə malikdir", - E.Məmmədyarov deyib.

Onun sözlərinə görə, tərəflər, həmçinin nəqliyyat məsələlərini də müzakirə edib. "Bakı-Tbilisi-Qars nəqliyyat layihəsi Azərbaycan və Gürcüstanın milli maraqlarına cavab verir", - deyə dövlət rəsmisi bildirib.

Nazir görüşdə Azərbaycan-Gürcüstan sərhədlərinin müəyyən edilməsi məsələsinin də müzakirə olunduğunu qeyd edib: "Azərbaycanla Gürcüstanın sərhəd xətti 480 km-dir. Bunun 314 km-i artıq dəqiqləşdirilib. Bu məsələdə irəliləyişə nail olmaq lazımdır", - deyə Azərbaycan XİN rəhbəri bildirib.

E.Məmmədyarov ən qısa zamanda bu məsələnin işçi qrupu tərəfindən müzakirə olunacağını və bu məqsədlə gürcüstanlı ekspertlərin Azərbaycana səfər edəcəyini vurğulayıb.

Bundan əlavə, tərəflər daha çox gürcüstanlı turistin Azərbaycana gəlməsi üçün turizm sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Azərbaycanın xarici işlər nazirinin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının görüşü keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi