Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, müdafiə naziri, Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktumun xanımı Ülyahəzrətləri Haya bint əl-Hüseyn ilə görüş keçirib.
Azərbaycan XİN-dən "Report"a verilən məlumatına görə, görüş zamanı Pərviz İsmayılzadə baş konsulluğun Dubay Əmirliyində fəaliyyəti və dövlət qurumları ilə yüksək səviyyədə olan münasibətlərindən söhbət açıb.
Ülyahəzrətləri Haya bint əl-Hüseyn Bakı şəhərinə etdiyi son səfərindən danışaraq, səfərdən məmnun qaldığını, Azərbaycan və paytaxt Bakının sürətli inkişafının onda böyük təəssüratlar doğurduğunu diqqətə çatdırıb.
Ülyahəzrətləri Haya bint əl-Hüseyn Azərbaycan ilə əlaqələrin daha da inkişaf etməsində maraqlı olduqlarını qeyd edərək, bu istiqamətdə lazımı dəstəyin göstəriləcəyini vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.