​Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının növbəti görüşü Bakıda keçiriləcək

​Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının növbəti görüşü Bakıda keçiriləcək Tərəflər arasında üçtərəfli görüşün yekun nəticələrinə dair Antalya bəyanatı qəbul edilib
Xarici siyasət
28 Avqust , 2015 20:28
​Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının növbəti görüşü Bakıda keçiriləcək

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Antalya şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri arasında üçüncü dəfədir keçirilən üçtərəfli görüşün nəticələrinə dair bəyanat qəbul edilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanat üç əsl nüsxədə və bütün mətnlər eyni dərəcədə qüvvədə olmaqla Azərbaycan, türk və türkmən dillərində Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov tərəfindən imzalanıb.

Bəyanatda qeyd olunur ki, tərəflər bu görüşdə ortaq tarix və mədəni birlikdən öz qüvvəsini əldə edən dostluq, qardaşlıq, mehriban qonşuluq və qarşılıqlı fayda əsasında davam etdirdikləri əlaqələrinin daha da inkişafı istiqamətindəki iradələrini bir daha təsdiqləyiblər. 

Onlar həmçinin xarici işlər nazirləri səviyyəsində keçirilən sayca üçüncü görüşün üç ölkə arasındakı əlaqələrin və əməkdaşlığın inkişafına verdiyi töhfədən duyduqları məmnuniyyəti ifadə edib və aralarındakı yaxın əməkdaşlığın konkret layihələr əsasında daha da inkişaf etdirilməsiüzrə öz iradələrini vurğulayıblar, 26 may 2014-cü il tarixli "Bakı Bəyanatı" və 29 yanvar 2015-ci il tarixli "Aşqabad Bəyanatı"na sadiqliklərini təsdiqləyərək "Aşqabad Bəyanatı"nın əlavəsini təşkil edən "2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının Çərçivə Proqramı" kontekstində görülən işlərlə bağlı fikirlərini bildiriblər.

Eyni zamanda, Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Prezidentləri arasında 2015-ci ilin oktyabr ayında Türkmənistanda keçiriləcək Zirvə Toplantısına hazırlıq işləri müzakirə edilib, Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun və Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun Yüksək Səviyyədə keçiriləcək görüş zamanı imzalanması məqsədilə sözügedən layihələrin razılaşdırılması üzrə tamamlanma işlərin aparılmasının önəmi qeyd edilib. 

Tərəflər regionda sülh və sabitliyin təmin olunması ilə bağlı üzərlərinə yeni məsuliyyətlərin düşdüyünü qəbul edərək, mövcud əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərin artırılmasının davam edəcəklərini bəyan ediblər, bir birilərinin dövlətlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəklərini bir daha təsdiq ediblər, qlobal və regional sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, beynəlxalq və regional təşkilatlarda mövcud olan yaxın və faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu təşkilatlarda namizədliklərinin qarşılıqlı şəkildə dəstəklənməsi üzrə mövqelərini davam etdirməyə dair iradələrini bəyan ediblər. 

Nazirlər BMT çərçivəsində mühüm təşəbbüslərdən biri olan Sivilizasiyalar Alyansı daxilində sivilizasiyalararası dialoqun gücləndirilməsi və qarşılıqlı hörmət mühitinin yaradılması məqsədilə əlaqələndirilmiş fəaliyyətlərini təkmilləşdirməklə davam etdirəcəklərini və Alyansın 2016-cı ildə Bakıda keçiriləcək VII Qlobal Forumunun uğurlu alınması üçün əməkdaşlıq edəcəklərini bildiriblər, “Asiyanın ürəyi” bölgəsində sülh və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə təsis olunan İstanbul Prosesi çərçivəsində fəal əməkdaşlığı davam etdirməkdə tərəfdar olduqlarını təsdiqləyiblər, terrorizmin bütün forma və təzahürləri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın ilk sıralarında yer aldıqlarını, xoş mərama əsaslanan və multikultural tarixi irsi ilə sivilizasiyalararası dialoq səylərini fəal şəkildə dəstəklədiklərini, həmçinin İslamofobiya, irqçilik və ayrı-seçkiliyin digər bütün təzahürləri ilə mübarizəni davam etdirmək məsələsində qətiyyətli olduqlarını təsdiqləyiblər. 

Tərəflər həmçinin iqtisadi və ticarət sahəsindəki əlaqələrin genişdirilməsi məqsədilə dərin və geniş əhatəli əməkdaşlığın təşviqi üzrə birgə səylərin gücləndirilməsinin vacibliyini qeyd ediblər, bu kontekstdə qarşılıqlı investisiyaların həcminin artırılması istiqamətində üç ölkənin dövlət və özəl sektoru arasındakı əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı məlumat mübadiləsini davam etdirməyə hazır olduqlarını bildiriblər, turizm, səhiyyə, kənd təsərrüfatı, qabaqcıl texnologiya, sənaye, informasiya və kommunikasiya texnologiyaları, neft-kimya, qida sənayesi, nəqliyyat infrastrukturu, aqrar tədqiqat və davamlı inkişaf sahələrində əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə bilik və təcrübə mübadiləsini, tədqiqat və istehsal ilə bağlı birgə təşəbbüsləri, aqrar ticarəti və investisiyaların artırılmasını dəstəkləmə məsələsində razılığa gəliblər, üç ölkənin kiçik və ortahəcmli müəssisələri arasında konstruktiv əməkdaşlığın davamlı şəkildə və qətiyyətlə aparılması ilə bağlı ümumi fikirdə olduqlarını ifadə ediblər, enerji sahəsində nail olunacaq birgə əməkdaşlığın qlobal və regional sülh və sabitliyə töhfə verəcəyini qeyd etməklə, Türkmən və Azərbaycan təbii qazının Türkiyə üzərindən keçməklə Avropaya və beynəlxalq bazarlara nəqlinin əhəmiyyətini vurğulayıblar, Türkmənistan qazının Azərbaycan və Türkiyə ərazilərindən keçməklə Avropaya nəqli layihəsində üçtərəfli formatda işçi qrupun yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bir daha qeyd ediblər, üç ölkənin enerji şirkətləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etməklə, bu konteksdə üçtərəfli formatda görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olacağını vurğulayıblar, üç ölkənin potensialından maksimum səviyyədə istifadə edilməsi məqsədi ilə Türkmənistan, Azərbaycan və Türkiyə üzərindən keçən nəqliyyat dəhlizlərinin əsas ticarət marşrutuna çevrilməsi üçün əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, Xəzər dənizində nəqliyyat daşımalarının sadələşdirilməsi və xərclərinin azaldılmasına nail olmaq üçün limanların gücü, infrastrukturu və logistika imkanlarının inkişaf etdirilməsi ilə multimodal daşımaları əlverişli edəcək şərtlərin qarşılıqlı təmin olunmaqla yaradılması və dəstəklənməsi məqsədilə dövlət və özəl sektorun əlaqədar idarə və təşkilatlarının mütəmadi görüşlər keçirməsinə ehtiyac olduğunu qeyd edərək, bu çərçivədə Azərbaycan, Türkiyə və Türkmənistanın bütün əlaqədar idarə və təşkilatlarının iştirakı ilə üçlü formatda iclasınmümkün olan ən qısa zamanda keçirilməsinin faydalı olacağı bildirilib, İstanbul Boğazının altından keçən Marmaray layihəsinin, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin, Xəzər dənizində Azərbaycanın Ələt və Türkmənistanın Türkmənbaşı limanlarınınregion iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəyi qeyd edilib, nəqliyyat sahəsindəki əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin bu sahədə malik olduğu potensialdan tam şəkildə istifadə edilməsi məqsədi ilə Əfqanıstan - Türkmənistan -Azərbaycan Respublikası – Gürcüstan - Türkiyə Respublikası" nəqliyyat dəhlizinin yaradılması məsələsi nəzərdən keçirilib. 

Sonda xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi