Azərbaycan səfiri Efiopiyanın mədəniyyət və turizm naziri ilə görüşüb

Azərbaycan səfiri Efiopiyanın mədəniyyət və turizm naziri ilə görüşüb Görüşdə iki ölkə arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və s. vacibliyi qeyd edilib
Xarici siyasət
2 Dekabr , 2015 19:55
Azərbaycan səfiri Efiopiyanın mədəniyyət və turizm naziri ilə görüşüb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin yeni təyin olunmuş mədəniyyət və turizm naziri xanım Aişə Musa ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı səfir E.Abdullayev bu vəzifəyə təyin edilməsi münasibətilə xanım A.Musanı təbrik edərək, yeni fəaliyyətində ona uğurlar arzulayıb. Həmçinin səfir E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurlarını və regionun ən qədim və zəngin maddi-mədəni və dini abidələrinin ölkəmizin ərazisində yerləşdiyini qeyd edib. Səfir bir çox mötəbər, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən Azərbaycanın mühüm beynəlxalq mərkəzə çevrildiyini onun diqqətinə çatdırıb.

Nazir Aişə Musa öz növbəsində səmimi təbrikə görə öz təşəkkürünü bildirib. Efiopiyalı rəsmi Azərbaycanın sürətlə inkişaf etdiyini və qısa müddət ərzində inkişaf etmiş ölkə kimi tanınmasını yüksək qiymətləndirib. Nazir ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və həm turizm həm də mədəniyyət sahələrində əməkdaşlığın aparılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılması vacibliyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi