Azərbaycan Prezidenti Rusiya Prezidentinin köməkçisini qəbul edib

Azərbaycan Prezidenti Rusiya Prezidentinin köməkçisini qəbul edib Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb
Xarici siyasət
9 Mart , 2015 13:19
Azərbaycan Prezidenti Rusiya Prezidentinin köməkçisini qəbul edib

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib. “Report” xəbər verir ki, İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlət başçısına təqdim edib. Rusiya idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib. O, Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirib və bu işdə ölkəmizə uğurlar arzulayıb.

Dövlət başçısı Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğulayıb və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirib. Dövlət başçısı bu idman yarışının təkcə ölkəmiz üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi