Azərbaycan Prezidenti Çinin baş naziri ilə görüşüb - FOTO

Azərbaycan Prezidenti Çinin baş naziri ilə görüşüb - FOTO İlham Əliyev Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib
Xarici siyasət
10 Dekabr , 2015 16:15
Azərbaycan Prezidenti Çinin baş naziri ilə görüşüb - FOTO

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşü olub. “Report”un xəbərinə görə, Dövlət Şurasının baş naziri Li Keçyan Azərbaycan Prezidenti İlham Əliyevi Çində görməkdən məmnun olduğunu deyib. O, iki ölkə arasında diplomatik münasibətlər yaranandan ikitərəfli əlaqələrin inkişaf etdiyini və bu səfərin də əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyini vurğulayıb. Dövlət Şurasının baş naziri Çin şirkətlərinin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, böyük enerji potensialı olan Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin işlənilməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyini diqqətə çatdırıb. Li Keçyan humanitariya, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Çinə dövlət səfərinin nəticələri iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanın Çin ilə əməkdaşlığa böyük önəm verdiyini deyən dövlət başçısı iki ölkə arasında fəal siyasi əlaqələrin olduğunu, beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Azərbaycanın Çin ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayıb, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib. Dövlət başçısı Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırdı. Dövlət başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini deyib, Çin mallarının ölkədən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikanın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edbi ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər. Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır.

Prezident İlham Əliyev ölkəmizdə nəqliyyat infrastrukturuna fəal şəkildə investisiya yatırıldığını, bunun həm də qonşularımız və tərəfdaşlarımız üçün faydalı olacağını qeyd edib. Dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib.

Siyasi sahədə də əlaqələrimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev mühüm məsələlərdə iki ölkənin mövqelərinin üst-üstə düşdüyünü, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına “Dialoq üzrə tərəfdaş” statusunda qoşulduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən biridir. Bundan əlavə, ölkələrimiz BMT-də və digər beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi