Azərbaycanın Litvadakı səfiri Şaulyay şəhərinin yeni seçilən meri ilə görüşüb

Azərbaycanın Litvadakı səfiri Şaulyay şəhərinin yeni seçilən meri ilə görüşüb Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, sərmayələrin yatırılması məsələləri müzakirə olunub
Xarici siyasət
14 May , 2015 16:10
Azərbaycanın Litvadakı səfiri Şaulyay şəhərinin yeni seçilən meri ilə görüşüb

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Şaulyay şəhərinin yeni seçilən meri Arturas Visotskasla görüşüb. 

Səfirlikdən "Report"a verilən məlumata görə, H.Məmmədzadə A.Visotskası bu vəzifəyə seçilməsi ilə əlaqədar təbrik edərək, Azərbaycan və Litva arasında bir sıra sahələrdə əlaqələrə dair məlumat verib.  

Şaulyay və Şəmkirin qardaşlaşmış şəhərlər olduğunu nəzərə alaraq, bu müstəvidə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, birgə gələcək layihələr, eyni zamanda,  mümkün investisiyalar mövzusunda fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidentinin təhsil sahəsinə xüsusi diqqət yetirdiyini qeyd edən səfir hazırda Litvanın 5 universitetinin xarici ölkələrdə təhsil üzrə dövlət proqramına daxil edildiyini və Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb. H.Məmmədzadə hazırda bir çox Azərbaycan və Litva universitetləri arasında birbaşa əməkdaşılığın mövcud olduğunu və bu cür əlaqələrin Şaulyay Universiteti ilə də mümkünlüyünü qeyd edib. 

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərən Bilik Fondu tərəfindən təşkil edilən multikulturalizm mövzusunda mühazirələrin Şaulyay Universitetində keçirilməsi müzakirə edilib. Litva xalqlarına Azərbaycanı və azərbaycanlıları daha da yaxşı anlamağa, onlarla yaxınlaşmağa təkan verə biləcək bu mühazirələrin özlərində ölkəmizin mədəniyyəti, tarixi və ədəbiyyatı barədə ətraflı məlumatı cəmləşdirdiklərini vurğalayan səfir bu cür birdəfəlik və ya silsilə tədbirlərin keçirilməsinin mümkünlüyünü deyib. Bundan başqa, təhsil, sənaye və istehsalat sahəsində mümkün birgə fəaliyyət müzakirə olunub, yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

Sonra Şaulyayın Ticarət, Sənaye və Peşə Palatasının prezidenti Vidmantas Yapertas, Palatanın baş direktoru Alfredas Yonuşka və şəhərin bir sıra nüfuzlu iş adamları və istehsalat rəhbərləri ilə görüşlər keçirilib. Səfir H.Məmmədzadə Azərbaycanın inkişafı, qeyri-neft sektoruna sərmayələrin qoyulması, ölkə rəhbərliyinin tapşırığı əsasında iqtisadiyyatın diversifikasiyası istiqamətində aparılan işlər, ölkənin yüngül və ağır sənayesi barədə ətraflı informasiya təqdim edib. 

Şaulyay sənayeçiləri rəhbərlik etdikləri təşkilat və şirkətlər, onların potensial və imkanları barədə səfirə məlumat verib, mümkün əməkdaşlığın istiqamətləri haqqında danışılıb. Bu mövzularda aparılan danışıqlarda iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, sərmayələrin yatırılması məsələləri müzakirə olunub. 

Görüşlərdə Şaulyay dairəsi Azərbaycanlıları Cəmiyyətinin sədri Bəhram Zeynalov da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi