Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur - səfir

Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur - səfir Səfiri Emil Kərimov "İkonomika” jurnalına müsahibə verib
Xarici siyasət
5 Fevral , 2015 00:39
Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur - səfir

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin “İkonomika” jurnalına müsahibəsində son illər ölkələrimiz arasında iqtisadi sahədə inkişaf edən əlaqələrdən danışıb.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, səfir, xüsusilə energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, tikinti və bir sıra sənaye sahələrinə qarşılıqlı marağın getdikcə artdığını söyləyib, hər iki ölkənin iş adamları arasında əlaqələrin qurulmasında da aktivlik müşahidə olunduğunu bildirib.

Diplomat ölkəmizin enerji resurslarının Avropaya ixrac edilməsinin önəmindən söhbət açıb, 2014-cü il sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin, Bolqarıstan Prezidenti Rosen Plevnelievin iştirakı ilə Bakıda “Cənub” qaz dəhlizinin təməlinin qoyulduğunu xatırladıb. E.Kərimov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dünyanın bir çox ölkələri ilə əməkdaşlıq etdiyini bildirib, 2019-cu ildə Azərbaycan qazının Bolqarıstana ixrac ediləcəyini diqqətə çatdırıb.

Səfir Azərbaycan ilə Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib, iqtisadiyyat sahəsində kənd təsərrüfatının önəmli rol oynadığını qeyd edib. Diplomat Azərbaycanın dünyanın bir çox ölkələrinə investisiyalar yatırdığını, həmçinin Bolqarıstana da sərmayələrin qoyulmasında maraqlı olduğunu diqqətə çatdırıb. O, hər iki ölkədə müxtəlif sahələr üzrə investisiya qoyuluşu üçün əlverişli imkanların olduğunu, bu istiqamətdə müvafiq işlərin aparıldığını bildirib. Son illər Azərbaycanda ölkələrimizin iş adamlarından ibarət bir neçə biznes forumun keçirildiyini vurğulayan E.Kərimov onların qarşılıqlı səfərlərinin təşkilinin əhəmiyyətini qeyd edib.

Diplomat yaxın gələcəkdə Azərbaycanda nümayəndəliyinin açılması planlaşdırılan Bolqarıstan-Azərbaycan Ticarət-Sənaye Palatası vasitəsilə Bolqarıstanın ölkəmizə sərmayə yatırmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycanın turizm sektorunda müşahidə olunan inkişafdan da bəhs edib. O, 2011-ci ildən ölkəmizdə keçirilən beynəlxalq turizm sərgisində Bolqarıstanın turizm şirkətlərinin fəal şəkildə iştirak etdiyini söyləyib. Diplomat Azərbaycanda turistlərin maraqla ziyarət etdikləri məkanlar barədə ətraflı məlumat verib. O, gələcəkdə ölkələrimiz arasında dəniz, dağ, xizək, müalicəvi sular və s. daxil olmaqla turizmin müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.

Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişindən söhbət açan səfir bu sazişin müddəalarına uyğun olaraq Azərbaycanın və təşkilata üzv ölkələrin vətəndaşlarının qarşılıqlı şəkildə asan viza əldə edə biləcəyini vurğulayıb.

E.Kərimov müsahibəsində Azərbaycanla Bolqarıstan arasında birbaşa hava əlaqələrinin açılması məsələsinə da toxunub.

Səfir son illər bolqar şirkətlərinin Azərbaycanda tikinti, əczaçılıq və digər sahələr üzrə layihələrdə yaxından iştirak etdiyini, İsmayıllı rayonunda velosiped istehsal edən zavoda sərmayələr qoyduğunu söyləyib.

Azərbaycanın son 10-15 il ərzində əldə etdiyi nailiyyətlərə toxunan diplomat Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələri barədə də oxucuları məlumatlandırıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin qlobal layihələrə, regionda sülhə, sabitliyə, təhlükəsizliyə yaratdığı təhdidlərdən bəhs edib.

Son xəbərlər

Orphus sistemi