Elmar Məmmədyarov: "Azərbaycan ərazilərinin işğalının davam etməsi iqtisadi inkişaf üçün maneə mənbəyi olaraq qalır"

Elmar Məmmədyarov: "Azərbaycan ərazilərinin işğalının davam etməsi iqtisadi inkişaf üçün maneə mənbəyi olaraq qalır" "Münaqişələr həll olunmadan ECO hərtərəfli regional əməkdaşlığın faydasından bəhrələnməkdə uğursuzluğa düçar olacaq"
Xarici siyasət
23 Sentyabr , 2016 19:51
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin işğalının davam etməsi iqtisadi inkişaf üçün maneə mənbəyi olaraq qalır

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalının davam etməsi iqtisadi inkişaf üçün hələ də qeyri-sabitlik və maneə mənbəyi olaraq qalır".

XİN-dən "Report"a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxışı zamanı bildirib. 

Nazir deyib ki, regionda uzun sürən münaqişələr həll olunmadan, təhlükəsizlik və sabitlik təmin edilmədən ECO hərtərəfli regional əməkdaşlığın faydasından bəhrələnməkdə uğursuzluğa düçar olacaq: "Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, həmçinin qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının təmin edilməsi təkcə Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verməyəcək, eyni zamanda tamhüquqlu regiondaxili əməkdaşlığı gücləndirəcək".

Onun sözlərinə görə, regional və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələri regional əməkdaşlığa töhfə verib: "Biz fəal şəkildə Beynəlxalq Şimal-Cənub və Şərq-Qərb Nəqliyyat Dəhlizinin həyata keçirilməsində iştirak edirik. Trans-Xəzər Beynəlxalq Marşrutunun yaradılması və gələn il istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi əhəmiyyətli layihələr sırasındadır. Biz əminik ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin - Rəşt - Astara (İran) – Astara (Azərbaycan) dəmir yol layihəsinin erkən tamamlanması iqtisadi artıma yeni stimul verəcək, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcəkdir. Ümumi maraq doğuran digər perspektivli sahə isə “Gündəlik 2030” və Davamlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq davamlı enerji ehtiyatları sahəsi də daxil olmaqla davamlı inkişafda birgə fəaliyyətin gücləndirilməsidir". 

"Biz son meylləri və ECO regional elektrik enerjisi bazarının yaradılması üzrə inkişafı yaxından müşahidə edirik. Azərbaycan, həmçinin, Bakı şəhərində bərpa olunan enerjiyə dair Məlumat İnformasiya Şəbəkəsinin (MİŞ) yaradılması təşəbbüsünü irəli sürüb. Azərbaycan özünün əməli fəaliyyəti ilə ECO-nun məqsəd və hədəflərinə töhfə verməkdə davam edir. Bu il biz, region daxili ticarət və sərmayə, o cümlədən ECO regionunda iqtisadi artım və inkişafın gücləndirilməsinə töhfə verəcək IV ECO Biznes Forumuna ev sahibliyi edəcəyik. Ekoloji problemləri həll etmək üçün regional fəaliyyətin inkişafı ECO çərçivəsində əməkdaşlığın prioritet sahələri arasındadır. Bu gündəliyin tərkib hissəsi kimi Azərbaycan nəzərdə tutulan Milli səviyyədə Müəyyən edilmiş Töhfələrini təqdim etmək və İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalamaqla qlobal iqlim sabitliyinə nail olunması istiqamətində iqlim dəyişikliyinə qarşı mübarizə üzrə beynəlxalq səylərə qoşulub", - deyə nazir qeyd edib.

E.Məmmədyarov vurğulayıb ki, elm və tədqiqat sahəsində hazırkı səmərəli əməkdaşlıq ECO layihələrinin müəyyənləşdirilməsi və hazırlanması işində təşkilatın potensialını artırır: "Bu baxımdan, biz inanırıq ki, Bakı şəhərində ECO Tədqiqat Mərkəzinin tez bir zamanda yaradılması səmərəli iqtisadi layihələr, tədqiqat proqramları, o cümlədən region ölkələri üçün iqtisadi modellərin hazırlanması yolu ilə ECO-nun gələcək inkişafına öz töhfəsini verəcək. Biz həmçinin regional xarakter daşıyan iqtisadi layihələrin uğurla həyata keçirilməsi üçün regional səviyyəli faydalı layihələrin, habelə BMT-nin ixtisaslaşmış qurumları və beynəlxalq maliyyə institutları ilə daha sıx əməkdaşlığın həyata keçirilməsinin təşviq edilməsini məqsədəuyğun hesab edirik. Bütövlükdə fəaliyyətin səpələnməsinin əvəzinə üzv dövlətlər və bütün region üçün ümumi olan nəqliyyat, alternativ enerji, ticarət və sərmayələr, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizmin daxil olduğu əsas prioritetlərə diqqət yetirməliyik".

Nazir bildirib ki, hazırda hazırlanmaq mərhələsində olan yeni ECO Baxış 2016-2025 sənədi bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir: "Bu islahatlar prosesi ECO daxilində hazırkı institutlar və fəaliyyətin səmərəliliyinin artırılması məqsədi daşımalıdır. Azərbaycan ECO-nun daha da inkişafı naminə fəaliyyətlərin hazırlanması imkanları ilə təmin edə biləcək birgə səylərlə müşayiət olunan islahatlar prosesini dəstəkləyir".

Son xəbərlər

Orphus sistemi