​ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin daha bir təklifi qəbul olunub

​ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin daha bir təklifi qəbul olunub Təklif olunan düzəliş yekdilliklə qəbul edilib
Xarici siyasət
3 İyul , 2016 15:30
​ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin daha bir təklifi qəbul olunub

Tbilisi. 3 iyul. REPORT.AZ/ Bu gün iyulun 3-də Tbilisidə ATƏT PA-nın Demokratiya, İnsan Haqları və Humanitar məsələlər üzrə Komitəsinin iclası keçirilib. İclasda komitənin qəbul edəcəyi qətnamənin layihəsi müzakirə olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, layihədə ATƏT regionunda insan haqlarının vəziyyəti, qaçqın, məcburi köçkün və miqrantların hüquq və azadlıqlarının müdafiəsi, onların problemlərinin həlli və s. məsələlər öz əksini tapıb.

İclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin təklifi ilə layihəyə bir bənd əlavə olunub.

Azərbaycan Milli Məclisinin deputatı, nümayəndə heyətinin üzvü Kamran Nəbizadə çıxışında deyib ki, miqrant qadın və uşaqlar beynəlxalq təcrübədə əhali qrupunun digər kateqoriyaları ilə eyni hüquqa malikdirlər. Ona görə də, onların hüquq və azadlıqlarının qorunması bu sənəddə əksini tapmalıdır. Milli Məclis deputatının irəli sürdüyü təklifdə deyilir:

“Miqrant qadın və uşaqlar beynəlxalq praktikada və normativ aktlarda eyni hüquqi statusa malikdirlər və bu, hər iki miqrant kateqoriyasının hüquqlarının müdafiəsi və bu əhali kateqoriyası ilə bağlı problemlərin həlli üçün çox vacibdir. Miqrant qadın və uşaqların hüquqları bu sənədin tələblərinə uyğun olaraq qorunmalıdır”.

Deputatın sözlərinə görə, bu düzəliş miqrantlara lazımi diqqətin ayrılmasını təmin edəcək.

Azərbaycanın nümayəndə heyətinin təklif etdiyi düzəliş yekdilliklə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi