"ADA" Universitetində Azərbaycan və Türkmənistan münasibətləri müzakirə olunub

"ADA" Universitetində Azərbaycan və Türkmənistan münasibətləri müzakirə olunub Türkmənistanın neytrallığının 20 illiyi mövzusunda dəyirmi masa keçirilib
Xarici siyasət
17 Fevral , 2015 18:07
ADA Universitetində Azərbaycan və Türkmənistan münasibətləri müzakirə olunub

Bakı. 17 fevral. REPORT.AZ/ "ADA" Universitetində Türkmənistan respublikasının neytrallığının 20 illiyi, həmçinin Azərbaycan və Türkmənistan arasında münasibətlər mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, ümumiyyətlə neytrallıq türkmən xalqının tarixi seçimidir.

Daha sonra çıxış edən  Türkmənistanın Humanitar elmlər və İnkişaf  Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdıyev bildirib ki, neytrallıq Türkmənistanın siyasi və iqtisadi sabitliyini qorumaq üçün ölkənin platformasına çevrilib. "Türkmənistan üçün bitərəflik böyük məna kəsb edir", - o qeyd edib.

Azərbaycan və Türkmənistan arasında münasibətlərdən danışan E.Aydoqdıyev bu münasibətlərin yalnız siyasi və iqtisadi sahədə deyil, həm də akademik elm sahəsində də inkişafının əhəmiyyətini vurğulayıb.

Daha sonra Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov çıxış edib. O əlavə edib ki, iki qardaş ölkə arasında sıx əlaqələr mövcuddur. 

Öz növbəsində "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə Azərbaycan-Türkmənistan münasibətlərindən danışaraq, bildirib ki, bu münasibətlər böyük potensiala malikdir: "Siyasi səviyyədə biz bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. Xüsusilə, Türkmənistan Azərbaycanın namizədliyini  BMT-nin  qeyri-daimi  üzvü qismində dəstəkləyib. lakin iqtisadi baxımdan bizim biznesin inkişafı üçün hələ böyük potensial imkanlarımız var".

Tədbirdə həmçinin Bakıda akkreditasiya olan xarici ölkələrin səfirləri iştirak edib. 

Sonda tələbələr qonağa onları maraqlandıran sualları vermək imkanını əldə ediblər.  

Son xəbərlər

Orphus sistemi