ABŞ-ın Nevada ştatının parlamenti Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib - VİDEO

ABŞ-ın Nevada ştatının parlamenti Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib - VİDEO "ABŞ, Azərbaycan kimi müttəfiqlərinin müstəqiliiyini bundan sonra da dəstəkləməli və onlarla münasibətləri daha da gücləndirməlidir"
Xarici siyasət
29 Aprel , 2015 10:12
ABŞ-ın Nevada ştatının parlamenti Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib - VİDEO

Bakı. 29 aprel. REPORT.AZ/ ABŞ-ın Nevada ştatı parlamentinin aprelin 28-də keçirilən iclasında Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul qanunvericilərə belə bir önəmli sənədin qəbuluna görə təşəkkürünü bildirib.

Parlamentin spikeri Con Həmbrik tərəfindən imzalanmış qətnamədə, Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilib. Sənəddə qeyd olunub ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində sıx əməkdaşlıq edirlər: "11 sentyabr terror aktlarından sonra Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-a hərtərəfli yardım göstərib, öz sülhməramlı qüvvələrini Əfqanıstana göndərib. 2001-ci ildən bəri hər il Əfqanıstanda yerləşən ABŞ qoşunlarının təchizatının 40%-i Azərbaycan vasitəsilə daşınmaqdadır".

Sənəddə bildirilib ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək Cənub Enerji Dəhlizinin ən önəmli bəndi olaraq qalmaqdadır.

Qətnamədə qeyd olunub ki, Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqlar və dinlər dinc şəraitdə yaşamaqdadırlar: "Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə və ABŞ-ın Güney Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib".

Qətnamədə qeyd olunub ki, ABŞ, Azərbaycan kimi müttəfiqlərinin müstəqilliyini bundan sonra da dəstəkləməli və onlarla münasibətləri daha da gücləndirməlidir.

Bu, Nevada parlamentinin Azərbaycana dair qəbul etdiyi ilk qətnamədir.

Son xəbərlər

Orphus sistemi