ABŞ-ın Azərbaycandakı səfiri QHT-lərə Dövlət Dəstəyi Şurasında olub

ABŞ-ın Azərbaycandakı səfiri QHT-lərə Dövlət Dəstəyi Şurasında olub Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin vacibliyi vurğulanıb
Xarici siyasət
29 İyun , 2015 21:06
ABŞ-ın Azərbaycandakı səfiri QHT-lərə Dövlət Dəstəyi Şurasında olub

Bakı. 29 İyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Robert Lopez və səfirliyin siyasi məsələlər üzrə müşaviri Daniel Slaşer ilə görüş keçirilib.

Şuradan Report-a bildiriblər ki, qurumun sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi təşkilatın vətəndaş cəmiyyəti institutlarının güclənməsi istiqamətində həyata keçirdiyi tədbirlər və QHT-lərə verilən maliyyə yardımı haqqında danışıb.

Səfir Robert Sekuta Azərbaycanın “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, xüsusilə könüllülərin fəallığının təqdirəlayiq olduğunu deyib. O, ikitərəfli münasibətlərin perspektivləri haqqında danışıb və Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ABŞ-ın ölkəmizdə müxtəlif sahələr üzrə çoxsaylı layihələr icra etdiyini deyib. Robert Sekuta ABŞ-Azərbaycan münasibətlərinin bundan sonra da inkişafı üçün səylə çalışacağını bildirib. Səfir Azərbaycanda QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı məlumat almaq istədiyini qeyd edib.

Azay Quliyev qanunvericiliyə edilmiş dəyişiklərin mahiyyəti haqqında danışaraq parlamentin bu addımının ictimai sektorda şəffaflığın və hesabatlılığın artmasına, mövcud resurslardan səmərəli istifadənin təmin edilməsinə və qanunsuz fəaliyyətin vaxtında aşkarlanmasına xidmət etdiyini bildirib.

Şura sədri son zamanlar ABŞ-da bəzi qurumların Azərbaycan əleyhinə fəaliyyətinin narazılıq doğurduğunu diqqətə çatdırıb. Azay Quliyev təəssüflə bildirib ki, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən bir sıra QHT-lər və media orqanları açıq şəkildə Azərbaycan haqqında mənfi rəy yaratmaq və qərəzli məlumatlar yaymaqla məşğuldurlar. Azay Quliyev ABŞ Dövlət Departamentinin insan haqlarının durumuna dair son hesabatında Azərbaycanla bağlı qeyd olunan bir çox məqamlara toxunaraq konkret faktlarla onların həqiqəti və reallığı əks etdirmədiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi