Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin irqi bərabərlik siyasəti naziri Nilma Qomesilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfir E.Sultanov Azərbaycan və Braziliya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini və əməkdaşlıq üçün daha geniş potensialın olduğunu qeyd edib.
Səfir Azərbaycanda müxtəlif xalqların və dinlərin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirərək, Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. O, Azərbaycanın bu sahədə bir çox əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Səfir bu istiqamətdə Braziliya ilə əməkdaşlıq imkanlarının mövcud olduğunu söyləyib.
Nazir N.Qomes ölkəsinin irqi bərabərlik sahəsində yürütdüyü siyasət haqqında danışıb. O, multikulturalizm, etnik və irqi bərabərlik və dini tolerantlığın universal dəyərlər olduğunu qeyd edərək, Azərbaycan və Braziliyanın bu dəyərləri bölüşməsindən məmnunluğunu ifadə edib. Nazir N.Qomes Braziliyanın bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığa və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazır olduğunu diqqətə çatdırıb.