Dünya ölkələrinin turist sayı və gəlirlərinə görə reytinqi açıqlanıb

Dünya ölkələrinin turist sayı və gəlirlərinə görə reytinqi açıqlanıb Ən çox turist Fransaya gedir, daha çox turizmdən qazanan isə ABŞ-dır
Turizm
23 İyun , 2015 17:53
Dünya ölkələrinin turist sayı və gəlirlərinə görə reytinqi açıqlanıb

Bakı. 23 iyun. REPORT.AZ/ Dünya miqyasında turistlərin ən çox ziyarət etdikləri və turizm gəlirlərinə görə əsas ölkələrin siyahısı açıqlanıb.

"Report"un verdiyi xəbərə görə, Ümumdünya Turizm Təşkilatının açıqladığı 2014-cü il hesabatına əsasən, son 60 ildə genişlənərək inkişaf edən turizm sektoru dünyada ən sürətlə böyüyən sahələrdən biri olub. Son vaxtlar baş verən böhranlara baxmayaraq, dünyada ölkələrarası turistlərin sayı 1950-ci ildə 25 mln., 1980-ci ildə 278 mln., 1995-ci ildə 527 mln. nəfər idisə, ötən il bu göstərici 1,133 mlrd. nəfərə çatıb.

Turistlərin sayındakı artımla əlaqədar olaraq dünya turizm gəlirlərində də artım qeydə alınıb. Dünya turizm gəlirləri 1950-ci ildə 2 mlrd. dollar, 1980-ci ildə 104 mlrd. dollar, 1995-ci ildə 415 mlrd. dollar, 2014-cü ildə 1,245 trln. dollara yüksəlib. Ölkələrarası turistlərin artımı ilə əlaqədar olaraq turist sayının 2030-cu ilədək 1,8 mlrd. nəfərə çatması gözlənilir.

Gələn turistlərin sayına görə 83,7 mln. nəfərlə birinci yeri Fransa tutub. ABŞ 74,8 mln. nəfərlə ikinci, İspaniya 65 mln.la üçüncü, Çin 55,6 mln.-la dördüncü, İtaliya 48,6 mln.-la beşinci, Türkiyə isə 39,8 mln. nəfərlə altıncı olub.

Turizmdən əldə olunan gəlirin həcminə görə isə ABŞ 177 mlrd. dollarla ilk sırada yer alıb. İspaniya ikinci (65 mlrd. dollar), Çin üçüncü (56 mlrd. dollar), Fransa dördüncü (55 mlrd. dollar) və Makao beşinci (50 mlrd. dollar) olub. Qonşu Türkiyə isə turizm gəlirinə görə 12 sırada yer alıb. 

Son xəbərlər

Orphus sistemi