Səfir: "Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım gözlənilir"

Səfir: "Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım gözlənilir" Türkiyə və Azərbaycanın iqtisadi əməkdaşlığı daha da inkişaf edib
Turizm
12 Avqust , 2016 12:30
Səfir: Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım gözlənilir

Bakı. 12 avqust. REPORT.AZ/ Qarşıdakı dövrdə Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım gözlənilir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

"Hazırda Azərbaycandan Antalya şəhərinə turistlərin səfər etməsində artım var. Türkiyədə həyat artıq çoxdan normala dönüb. Türkiyə və Azərbaycanın son illərdə birgə həyata keçirdiyi işlərə nəzər yetirsək, görərik ki, biz daha da doğmalaşırıq, əməkdaşlığımız inkişaf edib. Eyni zamanda, hazırda iki qardaş ölkə olaraq digər xarici ölkələr - Gürcüstan, İran, Türkmənistanın iştirakı ilə gözəl layihələr həyata keçiririk. Halqalar şəklində Azərbaycan və Türkiyənin iştirak etdiyi iş birlikləri sayəsində ticari, iqtisadi əlaqələrin inkişafı sahəsində tədbirlər həyata keçiririk", - deyə səfir qeyd edib.

A.Coşkunun sözlərinə görə, rəsmi Ankara Rusiya, İran, Azərbaycan və Türkiyənin bölgədə iş birliyini qardaş ölkə olaraq yüksək qiymətləndirir.

"Türkiyə Azərbaycanı maraqlandıran bütün mövzularda hər zaman fəal ölkə kimi çıxış edib”, -deyə İ.A.Coşkun bildirib.

Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyən qətiyyətli mövqe göstərib: “Dəfələrlə bəyan etmişik ki, bu məsələdə hər zaman Azərbaycanın yanındayıq və Türkiyə olaraq üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu yaxınlarda qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində təklif etdiyi və razılaşdığı formul nə olacaqsa, Türkiyə də onu dəstəkləyəcək”. 

Son xəbərlər

Orphus sistemi