Naxçıvanda “Arıçılıq məhsulları bal festivalı” keçirilib

Naxçıvanda “Arıçılıq məhsulları bal festivalı” keçirilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri festivalda iştirak edib
Turizm
18 Oktyabr , 2016 02:49
Naxçıvanda “Arıçılıq məhsulları  bal festivalı” keçirilib

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal festivalı” keçirilib.

"Report" xəbər verir ki, tədbirin aparıcıları bu il ərzində qədim tariximizi yaşadan Naxçıvanqalada 5 festivalının keçirildiyini qeyd ediblər. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov və Yallı” festivalları ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub. Festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan artıq bal, vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılıb. 

Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan hazırlanan müxtəlif şirniyyatlar da nümayiş olunub. Son illər Naxçıvanda arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb, arı ailələrinin sayı artırılıb.

Muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi vardısa, hazırda muxtar respublikada arı ailələrinin sayı 70 mindən çoxdur. Naxçıvan Muxtar Respublikasının mövcud bitki örtüyü burada 100 mindən çox arı ailəsi saxlamağa imkan verir və onlardan bir il ərzində 2000 tondan artıq əmtəəlik bal toplamaq mümkündür. 

Ali Məclisin sədri arıçılarla söhbət edib, onların qayğıları ilə maraqlanıb. Vasif Talıbov arıçılığın elmi şəkildə öyrənilməsi və çoxaldılması, arıçıların iştirakı ilə konfransların keçirilməsi və onların məlumatlandırılması, muxtar respublikanın rayonlarında arıçılıq ləvazimatlarının və dərmanlarının satış mağazalarının yaradılması, bu sahənin inkişafında yeni texnologiyaların tətbiqi, balın sənaye üsulu ilə qablaşdırılması və ixracı barədə aid təşkilatlara tapşırıqlar verib.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı rəngarəng proqramlarla çıxış edib. İki gün davam edəcək festivalda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları – bal” nominasiyası üzrə müsabiqə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi