Naftalanın müalicəvi turizm potensialının təqdimatı olub - FOTO

Naftalanın müalicəvi turizm potensialının təqdimatı olub - FOTO Müalicəvi turizmlə bağlı innovativ dəyişikliklər və yeni xidmətlər təqdim edilib
Turizm
5 İyul , 2016 17:51
Naftalanın müalicəvi turizm potensialının təqdimatı olub - FOTO

Bakı. 5 iyul. REPORT. AZ/ İyulun 2-3-də “Ata Travel”, “Synergy Group” və Termal və Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı ilə Naftalanda yerləşən “Chinar Hotel & Spa Naftalan”a sağlamlıq və istirahət mərkəzinə media və turizm şirkətlərinin nümayəndələri üçün iki günlük infotur təşkil edilib. 

“Report”xəbər verir ki, infoturun keçirilməsində əsas məqsəd “Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.

Media nümayəndələri və turizm şirkətlərinin mənsubları 5 ildir yeni təmirdən çıxmış halda fəaliyyət göstərən müasir sağlamlıq və istirahət mərkəzində turistlər üçün yaradılmış müxtəlif imkanlar və original müalicə prosedurları ilə ətraflı tanış olublar.

Qonaqlara bildirilib ki, hazırda kompleks tibb və hotel bölməsindən ibarətdir. Tibb bölməsində poliklinika, diaqnostika, fizioterapiya və SPA mərkəzləri fəaliyyət göstərir. Poliklinikada terapiya, nevrologiya, kardiologiya, dermatologiya, dietologiya, ginekologiya, urologiya, qulaq-burun-boğaz və stomatologiya otağı var. Naftalan müalicəsi üçün kompleksə müraciət edənlər əvvəlcə poliklinikada müayinədən keçirilir, pasientin Naftalan müalicəsi zamanı əks reaksiyanın baş verib verməyəcəyi müəyyənləşdirilir. Əgər naftalan müalicəsinə əngəl yaradan xəstəliklər aşkar olunmasa, pasient müalicə olunur.

Məlumata görə, kompleksin diaqnostika mərkəzi texniki imkanlarına görə ən müasir avadanlıqlarla təchiz edilmiş rəqəmli rentgenoqrafiya, flüoroskopiya, ultrasəs müayinəsi, exo doppler, tibbi laboratoriya otaqları var:

“Chinar Hotel & Spa Naftalan” kompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi masaj, traksiya, müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan terapiya şöbəsində 28 ədəd Naftalan vannaları mövcuddur. Naftalan nefti ilə normal müalicə kursu 21 gündür. Bu müddət ərzində 12-14 dəfə vanna qəbul etmək tələb olunur. Naftalan nefti hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır”.

“Chinar Hotel & Spa Naftalan” kompleksi 20 hektar bir ərazidə yerləşir. Kompleksin həyətyanı sahəsi yaşıllıq içərisindədir. Ərazidə qonaqların dincəlmələri və əylənmələri üçün gəzinti yolları, skamyalar, idman meydançası, uşaq oyun parkı mövcuddur. Heykəltaraş Azad Əliyevin müəllifi olduğu heykəllər isə kompleksin həyətinə başqa bir gözəllik bəxş edir. Heykəllər qədimdə Naftalan neftinin daşınmasını və onunla müalicəni özündə əks etdirir.

Jurnalistlərə məlumat verilib ki, “Chinar Hotel & Spa Naftalan” kompleksində hazırda 170 nəfər işlə təmin olunub. Hoteldə rusca, ingiliscə, almanca, ərəbcə, fransızca və tay dilində danışa bilən işçilər çalışır.

İnfotur iştirakçıları üçün keçirilən mətbuat konfransında “Chinar Hotel & Spa”nın baş meneceri Turqay Arı bildirib ki, hotel 2011-ci ilin fevralında yeni təmirdən çıxmaqla fəaliyyətə başlayıb: “Artıq 5 ildir ki, bu sahədə xidmət göstəririk. Orta hesabla, ildə 10 min turist qəbul edirik. İndiyə qədər ümumilikdə 50 min turist qəbul etmişik. İldən ilə bu turistlərin sayı artmaqdadır. Artıq Azərbaycanın sağlamlıq turizmində güclü mövqeyə sahibik və bu mövqeyimizi daha da gücləndirməyi vı daha çox turist qəbul etməyi qarşıya məqsəd qoymuşuq. Bu baxımdan bir çox yeniliklər və kampaniyalar həyata keçiririk ki, bud a daha çox turist cəlb etməyə şərait yaradır. Bu ildən Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihələrin həyata keçirilməsi də bu qəbildəndir”. O da qeyd edildi ki, istirahət və sağlamlıq mərkəzinə daha çox turist cəlb etmək üçün cəlbedici paketlər təklif edilir. Məsələn, iki həftəlik paket, müalicə ilə yanaşı gündə 3 dəfə yeməyi də ehtiva etməklə 59 manat təşkil edir”.

Termal və Müalicəvi Turizm Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd edib ki, son illərdə Azərbaycan turizminin tanıdılmasında medanın rolu olduqca artıb: “Media turizm sahəsində baş verən yenilikləri və bütün istiqamətlərdə problemləri qabardır və müzakirəyə çıxarır, cəmiyyəti və müvafiq qurumları məlumatlandırır. Həmçinin Prezident tərəfindən turizmin inkişafını şərtləndirən müxtəlif fərman və qərarların verilməsi də sözügedən sahədə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olmaqdadır”.

R.Quliyev onu da bildirib ki, son dövrlərdə bir sıra qurumlar da turizmin inkişafına ciddi töhfələrini verirlər: “Xüsusən ölkədə “AtaHolding” və “Ata Travel” ölkə turizminin inkişafına, xarici turizmin rentabellik qazanmasına önəmli töhfələr verməkdədirlər. Həmçinin bu sahədə gənc kadrların hazırlanması, ölkə daxilində və xaricə, eləcə də xaricilər üçün Azərbaycana info-turların təşkil edilməsi və sair fəaliyyətlər bu baxımdan qeyd edilə bilər”.

R.Quliyev onu da əlavə edib ki, sözügedən hotel ölkədə və regionda asudə vaxtın təşkil edilməsi, o cümlədən sağlamlıq turizminin təqdimatı baxımdan önəmli yer tutur. BƏƏ, Rusiya, Avopa, Qazaxıstanda Naftalanın turizm imkanlarının tanıdılması baxımından da çox işlər görülüb: “Qərb, Türkiyə və körfəz ölkələrində də Naftalanın tanıdılması üçün işlər gücləndirilir. Məqsəd rəqabətqabiliyyətli turizm məhsullarını çox satmaqla, bu sahədə öncül olmaqdır. Bu sahədə bir sıra güzəştlərin, güzəştli vergi siyasətinin tətbiq edilməsi də zəruridir. Bu sahədə yol xəritəsinin hazırlanması turizmin ən azı 15 illik inkişafını müəyyən edəcək”.

Naftalan rayon mədəniyyət şöbəsinin müdiri Zöhrab Adıgözəlov isə bildirib ki, Bakıdan 330 km məsafədə yerləşən Naftalanda 2017-ci ildən hava limanının təmirinə başlanacaq: “Həmçinin Gəncədəki hava limanından bura məsafə yaxındır. 10 min nəfərlik kurort şəhəri olan Naftalanın sövet dönəmindəki şöhrətini qaytarmağı və daha da artırmağı qarşıya məqsəd qoymuşuq”.

O da qeyd edilib ki, Naftalana ötən il 20 min turist gəlib, onlardan 4800 nəfəri xarici turist olub. Bu ilin 5 ayında 5000 turist gəlib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1200 nəfərlik artım var. Bu ilin 5 ayı ərzində gələn turistlərdən 900 nəfərə qədəri xarici turistlərin payına düşür.

“Ata Holding” Şirkətlər Qrupunun Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova isə təmsil etdiyi şirkət və “AtaTravel” daim Azərbaycan turizminin inkişafına dəstəyini və töhfələrini artırmağa çalışdığını bildirib: “Xaricdə Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün xarici ölkələrdən ölkəmizə info-turlar təşkil edirik, həmçinin xarici ölkələrə info-turlar həyata keçiririk. Bundan sonra da bu sahədə tədbirlərimizi intensivləşdirməyi planlaşdırırıq”.

Son xəbərlər

Orphus sistemi