İlham Əliyev: "Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər"

İlham Əliyev: "Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər" "Çünki indi bizim gözəl imkanlarımız – gözəl otellər, istirahət zonaları, yollar var"
Turizm
8 Sentyabr , 2016 22:05
İlham Əliyev: Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər. Çünki indi bizim gözəl imkanlarımız – gözəl otellər, istirahət zonaları, yollar var".

"Report" xəbər verir ki, bu sözləri Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətlə keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Qusar rayonunun böyük turizm potensialı var. Bu barədə mən hələ ilk səfərlərimdə öz fikirlərimi bildirmişdim. Qeyd etmişdim ki, biz Qusarı beynəlxalq turizm mərkəzinə çevrilməliyik - nəinki ölkə miqyasında, beynəlxalq miqyasda. Biz artıq buna nail oluruq. “Şahdağ” Turizm Mərkəzi bu gün dünya miqyasında öz gözəlliyi, rahatlığı, yaradılmış şəraiti ilə fərqlənir", - deyə dövlət başçısı bildirib.

Prezident xatırladıb ki, o, ilk dəfə həmin yerlərdə olanda, orada heç nə yox idi - heç bir infrastruktur, yol, işıq, qaz, su və ora çılpaq dağlardan ibarət idi:

"İndi isə dünya səviyyəli beynəlxalq kurort yaradılıb, 5 otel fəaliyyət göstərir, minlərlə rayon sakini işlə təmin edilib və hər il buraya 10 minlərlə turist gəlir, həm ölkə daxilindən, həm də xaricdən. İnsanlara şərait yaratmışıq. Azərbaycanda, ümumiyyətlə, heç vaxt dağ xizəyi kurortu olmayıb. Biz bunu yaratmışıq və bu gün vəzifə ondan ibarətdir ki, bu kurort zonası yay mövsümündə də tam gücü ilə işləsin. Mənə verilən məlumata görə, bu ilin yayında Qusara gələn turistlərin sayı artıb və əslində bu mərkəz il boyu fəaliyyət göstərməlidir. Çünki Azərbaycana gələnlərin sayı getdikcə artır. Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər. Çünki indi bizim gözəl imkanlarımız – gözəl otellər, istirahət zonaları, yollar var. Biz bu gün Qusar-İmamqulukənd-Quxuroba yolunun açılışını etdik. Bu, sadəcə olaraq, kəndləri birləşdirən layihə deyil. Bu, ümumiyyətlə magistral yola çıxış deməkdir. Bakıya gedən yolun məsafəsi qısalır, Xaçmazla çox gözəl əlaqə yaradılır. Biz bu məsələlərə belə yanaşırıq. İlk növbədə, inkişaf üçün lazım olan infrastruktur layihələrini icra edirik. Şimal zonasında bu layihələrə milyardlarla manat vəsait ayrılıb. Bu layihələrin böyük əksəriyyəti sosial xarakter daşıyır. İçməli su layihəsi sırf sosial məna daşıyan bir layihədir. Bizdə su tarifləri çox aşağı səviyyədədir və oradan gələn gəlirlə qoyulmuş vəsaiti qaytarmaq mümkün deyil. Bəlkə də 50 il lazım olacaq".

Son xəbərlər

Orphus sistemi