Əbülfəs Qarayev: "Gələn il Azərbaycanda iki ticarət festivalı keçiriləcək"

Əbülfəs Qarayev: "Gələn il Azərbaycanda iki ticarət festivalı keçiriləcək" Nazir: "Bu ilin ilk yarım illiyində hotellərdəki boş yerlərin tutulması 23,5 faiz artıb"
Turizm
27 Sentyabr , 2016 12:13
Əbülfəs Qarayev: Gələn il Azərbaycanda iki ticarət festivalı keçiriləcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Ötən illə müqayisədə bu ilin ilk yarım illiyində regionlarda hotellərdəki boş yerlərin tutulması 23,5% artıb".

"Report" xəbər verir ki, bunu 27 sentyabr - Azərbaycanda "Turizm işçiləri günü" peşə bayramı ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, hotellərdə yerlərin dolma faizinə görə bu il artım çoxdur: "Belə ki, İsmayıllı və Şamaxıda 92%, Göygöldə 95-100%, Qəbələdə 100%, Lerikdə 90%, Təngaltıda 95% yerlər tutulub. Hələki Mingəçevir və Xızıda (30%) bu il yerlərin tutulması az olub".
Ə.Qarayev bildirib ki, Turizm Şurasının 2017-ci ildə fəaliyyətə başlaması bu sahənin daha çox inkişaf etməsinə şərait yaradacaq. O qeyd edib ki, şuranın tərkibində bir neçə dövlət qurumu birləşəcək: "Ticarət festivallarının keçirilməsi də turizmin inkişafında böyük rol oynayır. Bu tədbirlərə xərclənən vəsaitin 20-30 faizi geri qayıdır. Azərbaycanın gələn il ən azı iki dəfə 10-15 günlük ticarət festivalı keçirmək imkanı olacaq. Azərbaycanda təsdiq edilən turizm zonaları - Quba, Qusar və Xızıda ərazilər artıq turizm sektoru üçün fəaliyyət göstərəcək. Bu zonalarla bağlı xüsusi layihələr hazırlanıb. Bu ərazilər prespektiv plan əsasında fəaliyyət göstərəcək. Eyni zamanda, Dubayda, Rusiyada, Almaniyada olan nümayəndəliklərimizi digər ölkələrdə də açmağı planlaşdırırıq. AZAL-la daimi əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlərin açılması təşkil olunacaq. AZAL-la əməkdaşlığımız "açıq səma" prinsipinə əsaslanır".
Nazir bildirib ki, sərhəd məntəqələrində buraxılış sisteminin təkmilləşdirilməsi üçün tədbirlər görülür: "Artıq 3 ulduzlu hotellərin tikilməsinə böyük ehtiyac var. Bu istiqamətdə digər qurumlarla birgə layihələr həyata keçirilir. Termal turizm artıq öz axarına düşüb. Qış mövsümündə də daimi turizmin təmin edilməsi üçün layihələr həyata keçirilir. Dövlət Gömrük Komitəsi ilə müzakirələr aparılır. Ölkəyə gələn turistlərin rahatlığını təmin etmək üçün birgə işlər görüləcək".

Son xəbərlər

Orphus sistemi