Əbülfəs Qarayev: "Bu il 36 min nəfər elektron viza alaraq ölkəyə daxil olub"

Əbülfəs Qarayev: "Bu il 36 min nəfər elektron viza alaraq ölkəyə daxil olub" "Azərbaycanda turizm şirkətlərinin sayı 300-ə, hotellərin sayı 535-ə, ümumi daxili məhsulda turizmin payı isə 4,1 faizə çatıb"
Turizm
28 Sentyabr , 2015 19:19
Əbülfəs Qarayev: Bu il 36 min nəfər elektron viza alaraq ölkəyə daxil olub

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Ölkəmizdə turizm sənayesinin inkişafına dövlətin böyük diqqət və qayğısı var. Müvafiq dövlət proqramlarının qəbulu və icrası, "Turizm ili"nin elan olunması və sahənin inkişafı üçün ciddi infrastrukturun yaradılması bunun göstəricisidir. Bu işlərin nəticəsi olaraq turizm şirkətlərinin sayı 300-ə, hotellərin sayı 535-ə, ümumi daxili məhsulda turizmin payı isə 4,1 faizə çatıb".

"Report" xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimində məlumat verib.

Ə.Qarayev Prezident İlham Əliyevin bu il sentyabrın 10-da "Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncam imzaladığını diqqətə çatdıraraq, bildirib ki, sərəncama uyğun olaraq idarəetmə funksiyaları müəyyənləşdirilir, nizamnamə hazırlanır və ilin sonuna kimi bu işlər tam yekunlaşacaq: 

"Bu gün ölkəmiz dünya turizm sənayesi xəritəsində özünə layiqli yer tutub. Azərbaycanda turizmin davamlı inkişafı özünü ölkənin beynəlxalq reytinqlərində də göstərir. Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı"nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Bu o deməkdir ki, bu gün dünyanın inkişaf edən bazarında ölkəmizin tutduğu mövqe, onun iqtisadi mexanizmləri dünyada tanınır və qəbul olunur. Bu, çox mühüm göstəricidir. Azərbaycanda viza rejimi sadələşdirilib. Turizm məqsədilə elektron viza almaq mümkündür. Bu il 36 min nəfər elektron viza alaraq ölkəyə daxil olub".

Nazir vurğulayıb ki, turizm sahəsinin inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir: "Bu yaxınlarda dövlət başçısı tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsində dəyişikliklər edilməsi və nazirlik yanında yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı fərmanlar imzalandı. Bu fərmanlarda turizmin inkişafı ilə bağlı xüsusi bir bənd də yer alıb. Həmin bəndə əsasən, turizm məkanlarına qanunsuz müdaxilə olmaması, onların fəaliyyətlərinin sərbəst aparılması, turizmin inkişafı üçün lazımi iqtisadi şəraitin yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bundan əlavə, iki ay müddətində hotellərin sertifikatlaşdırılması işinin dünya standartlarına uyğunlaşdırılması ilə bağlı tapşırıqlar verilib və artıq bununla bağlı işlər həyata keçirilməkdədir".

Son xəbərlər

Orphus sistemi