“Dalğa Beach-Aqua Park” rəqqasə Rəna Ağamuradovanın iddialarına münasibət bildirib

“Dalğa Beach-Aqua Park” rəqqasə Rəna Ağamuradovanın iddialarına münasibət bildirib “Xanıma təklif etmişik ki, buyurub gəlsin, kamera görüntülərinə baxaq”
Turizm
6 Avqust , 2016 18:31
“Dalğa Beach-Aqua Park” rəqqasə Rəna Ağamuradovanın iddialarına münasibət bildirib

Bakı. 6 avqust. REPORT.AZ/ “Dalğa Beach-Aqua Park” istirahət mərkəzi rəqqasə Rəna Ağamuradovanın iddialarına münasibət bildirib.

Mərkəzin Satış və reklam şöbələrinin baş meneceri Zamina Zamanova “Report”a bildirib ki, R.Ağamuradovanın dediklərinin əsası yoxdur: “Dalğa Beach-Aqua Park” istirahət mərkəzinin həm daxilində, həm də ətraflarında nəzarəti təmin etmək üçün mühafizəçilərimiz var. Hadisə baş verən zaman hər iki mühafizənin rəisləri orada olub. Hadisənin şahidləri də var. Rəna Ağamuradovanın uşağı özü yıxılıb, zədələnib. O iddia edib ki, kimsə sürüşkənlərdən onu itələyib. Ərazidə iki cür sürüşkən var: böyüklər və kiçiklər üçün. Böyüklər üçün olan hovuza 12 yaşdan aşağı uşaqlar buraxılmır, ancaq valideynlər rəsmi şəkildə cavabdehliyi öz üzərlərinə götürdüyü halda uşaqlara ora valideyni ilə getməyə icazə veririk. Rəna xanımın uşağı kiçiklər üçün olan hovuzda olub, burada uşaqlar özü sürüşür, üzür. Xanımın uşağı yıxılarkən üz nahiyəsindən zədə alıb. Amma əlbəttə ki, uşağı kiminsə qəsdən itələməsindən söhbət gedə bilməz”.

Z.Zamanovanın sözlərinə görə, hadisə baş verən vaxt Rəna Ağamuradova uşağının yanında olmayıb: “Uşaq yıxılan kimi mühafizə rəisləri ona yaxınlaşıb, götürərək dərhal həkimin yanına aparıblar. Mühafizə rəisləri deyir ki, uşağın valideyni yanında olmayıb, ancaq həkimin yanında onu görüblər. Həkim uşağa ilkin köməklik edib. Qaldı ki, həkimin valideyn ilə kobud danışmağına, normalda həkim xəstəyə kömək edən zaman yaxın qohumun otaqdan çıxması lazımdır. Rəna xanım isə həkimin otağına daxil olub və səs-küy salıb. Həkim də ona çıxmasını bildirib, o isə həkimə hədə-qorxu gəlməyə başlayıb və həkimin ilkin yardım etməsinə mane olub. Amma həkim yaranı yuyub, ilkin lazım olan yardımı edib. Sonra isə valideynə bildirilib ki, yaraya tikiş qoyulmalıdır, yaranın izi qalmaması üçün “Təcili yardım” maşınının çağırılması və xəstəxanaya aparılması təklif edilib. O isə razılaşmayaraq uşağını özü aparıb. Amma Rəna xanım indi iddia edir ki, uşağa ilkin tibbi yardım edilməyib”.

Z.Zamanova uşağın valideyni ilə əlaqə saxladığını və ona istirahət mərkəzinə gələrək kameralara baxmağı təklif etdiyini də deyib: “Rəna xanım iddia edir ki, istirahət mərkəzinin ərazisində kameralar yoxdur. Təbii ki, bizim ərazimizdə kifayət qədər kamera var. Əlbəttə, başa düşürük ki, o anadır, bu səbəbdən də hadisəyə həssaslıqla yanaşır. Biz də hadisə ilə bağlı öz mövqeyimizi bildirmişik. Xanıma da təklif etmişik ki, buyurub gəlsin, kamera görüntülərinə baxaq”.

Son xəbərlər

Orphus sistemi