Bakıda ticarət festivalının keçirilməsi təklif olunur

Bakıda ticarət festivalının keçirilməsi təklif olunur Hotellər və Restoranlar Assosiasiyası bütün maraqlı təşkilatları festivalın keçirilməsi təşəbbüsünü dəstəkləməyə çağırıb
Turizm
4 May , 2016 16:47
Bakıda ticarət festivalının keçirilməsi təklif olunur

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası 2017-ci ildən Bakı Ticarət Festivalının (Baku Shopping Festival) keçirilməsi təşəbbüsü ilə çıxış edib.

“Report” Assosiasiyaya istinadən xəbər verir ki, turizm, qonaqpərvərlik sənayesinin inkişafı dövlətin daim diqqətindədir: "Son illər ərzində Bakı şəhərində bir sıra ticarət mərkəzləri, tanınmış brendlərin dükanları, eyni zamanda əyləncə infrastrukturu xeyli genişlənib. Paytaxtın turizm və qonaqpərvərlik infrastrukturu minlərlə turistə xidmət göstərməyə qadirdir. Bu biliklər və beynəlxalq təcrübədən irəli gələn məlumatlar əsasında Hotellər və Restoranlar Assosiasiyası tərəfindən Bakı Ticarət Festivalının keçirilməsi ideyası irəli sürülüb".

Assosiasiyadan bildirilib ki, geniş miqyasda təbliğ edilən belə bir tədbirin Bakıda keçirilməsi ölkəyə gələn turistlərin sayını artıracaq, turizm, qonaqpərvərlik, ticarət, nəqliyyat və s. sahələrin inkişafına yardım edəcək: "Assosiasiya ticarət festivallarının keçirilməsi ilə bağlı xarici təcrübəni öyrənib və belə nəticəyə gəlib ki, bu növ tədbirlər adətən 30-40 gün ərzində keçirilir". 

Təşkilatın ekspertləri hesab edirlər ki, festivalın “aşağı mövsümdə” keçirilməsi daha məqsədəuyğundur: "Çünki tədbirə əlavə qonaqlar gələrək turizm və ticarət infrastrukturunun dövriyyəsini artırırlar. Bu isə sənayenin “aşağı mövsümdə” dəstəklənməsi üçün vacib olan amildir. Ticarətin daha intensiv çalışması ilə yanaşı festivallar adətən müxtəlif əyləncə xarakterli tədbirlərlə də müşaiyət olunur. Konsertlər, premyeralar, lotereyalar kimi xüsusi tədbirlər festivalların həqiqi bir bayrama çevirilməsi üçün şərait yaradır".

"Azərbaycana verilən vizalar, hava nəqliyyatının qiymətləri, ölkə daxilində təklif edilən xidmətlərin çeşidi və qiymətləri, brend mağazaların, ticarət mərkəzlərinin təklif etdiyi endirimlər, əyləncə tədbirləri, tanıtım, marketinq, reklam konsepsiyası və bir sıra digər məsələlər ciddi şəkildə işlənməli, əlaqələndirilməlidir. Assosiasiya Bakı Ticarət Festivalının keçirilməsi ilə bağlı bütün inzibati və təşkilati işləri öz üzərinə götürməyə hazırdır. Assosiasiyanın İdarə Heyəti artıq bir sıra təşkilatlara müraciət edib, təşəbbüsün reallaşma imkanlarını müzakirəyə çıxarıb. Bütün maraqlı təşkilatları, dövlət və özəl qurumları, eyni zamanda hər bir turizm, ticarət, əyləncə sektorlarının peşəkarlarını Festivalın keçirilməsi təşəbbüsünü dəstəkləməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Hotellər və Restoranlar Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi