​Bakıda lüks turizm təmsilçilərinin növbəti görüşü keçirilib

​Bakıda lüks turizm təmsilçilərinin növbəti görüşü keçirilib Görüşdə müxtəlif ölkələrdən olan 40-dan çox turizm şirkəti öz imkanlarını təqdim edib
Turizm
14 Aprel , 2016 17:58
​Bakıda lüks turizm təmsilçilərinin növbəti görüşü keçirilib

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün “Fairmont” hotelində lüks turizm təmsilçilərinin “B2B Luxury & MICE Workshop” çərçivəsində görüşü keçirilib. “Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Böyük Britaniyanın “TMI Consultancy” şirkətinin azərbaycanlı tərəfdaşları ilə birgə təşkil etdiyi tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda artıq beşinci dəfədir reallaşır.

Görüşdə Azərbaycanın aparıcı turizm şirkətlərinin və müxtəlif ölkələrin hotel, turoperator və turizm təşkilatlarının təmsilçiləri iştirak edib.

Tədbirdə əvvəlcə Sloveniya və Sinqapurun turizm potensialının təqdimatı keçirilib. Tədbirdə çıxış edən “TMI Consultancy” şirkətinin meneceri Mariya Qorbaçova bildirib ki, “B2B Luxury & MICE Workshop” iştirakçılarının sayı ildən-ilə artır: “Bu onu göstərir ki, Azərbaycanın turizm bazarına xarici ölkələrdə maraq getdikcə artmaqdadır. “B2B Luxury & MICE Workshop”un Azərbaycanda mütamadi təşkil olunması lüks turizmin inkişafına da müsbət təsiri göstərəcək.Ümumilikdə il ərzində dünyanın müxtəlif şəhərlərində belə tədbirlərin təşkil olunması nəzərdə tutulur”.

Tədbir çərçivəsində yerli turizm şirkətləri ilə “B2B Luxury & MICE Workshop”da iştirak edən xarici ölkə hotelləri, sağlamlıq mərkəzləri, spa-kurortların təmsilçiləri və turizm şirkətlərinin nümayəndələri arasında işgüzar görüşlər təşkil edilib. Turist mübadilələrinin həyata keçirilməsi ilə bağlı cəlbedici təkliflər irəli sürülüb.
Qeyd edək ki, müxtəlif ölkələrdən olan 40-dan çox turizm şirkəti “B2B Luxury & MICE Workshop”da öz imkanlarını təqdim edir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarına xarici lüks hotellərdə münasib qiymətlərə istirahət etməyə imkan yaradılmasıdır.

Son xəbərlər

Orphus sistemi