Bakıda alternativ enerjiyə həsr olunmuş beynəlxalq sərgi keçiriləcək

Bakıda alternativ enerjiyə həsr olunmuş beynəlxalq sərgi keçiriləcək Tədbirdə ən müasir avtomatlaşdırılmış sistemlər və cihazlar təqdim olunacaq
Turizm
14 Aprel , 2016 13:01
Bakıda alternativ enerjiyə həsr olunmuş beynəlxalq sərgi keçiriləcək

Bakı. 14 aprel. REPORT.AZ/ İyunun 1-4-də "Baku Expo Center"də Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış VI Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (Caspian Power 2016) sərgisi keçiriləcək. Sözügedən sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrultmağa müvəffəq olub. 

Sərginin təşkilatçısı olan "İteca Caspian" şirkətindən "Report"a verilən məlumata görə, “Caspian Power” sərgisi Xəzəryanı regionun neft-qaz sənayesi üzrə nəhəng tədbiri olan Beynəlxalq Xəzər Neft və Qaz, Neft emalı və Neft-kimya (Caspian Oil and Gas) sərgi-konfransı ilə eyni platformada keçiriləcək. Sərginin aktuallığı Azərbaycanda yeni elektrik və hibrid elektrik stansiyalarının fəaliyyətə başlaması, eləcə də külək turbinləri və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir. “Caspian Power” sərgisi Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.

Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Fransa, Çin, Polşa və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri ilə uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemlər, LED işıqlar, günəş batareyası panelləri, işıq-diod indikatorları, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommutasiya-paylayıcı cihazlar, habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra digər məhsullar təqdim olunur.

"Caspian Power 2016" sərgisi elektrik enerjisi sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi